• Qadın donlarının hazırlanması
Model və görünüşünə görə yüngül qadın donları müxtəlifdir. Bu qrup geyimlərə: don-palto, don-kostyum, xalat, don-xalat, sarafan, müxtəlif köynəklər, tumanlar, kombinezonlar və s. aid edilir.
Donun modeli üslubuna görə - idman, ciddi və “fantaziya”; siluetinə görə - bədənə yatan, yarımyatan, düz biçilən və geniş; düymələnmə yerinə görə - birköbəli, ikiköbəli, görünməyən zəncirbəndli və s. ; biçiminə və qolun ölçüsünə görə - qolu ayrı və bütöv biçilən, reqlan, kombinə edilmiş və s. ; qolun uzunluğuna görə - uzunqol, qısaqol, qolsuz və s.; yaxalığın biçiminə görə - düz dairəvi, dik dayanan, bütöv biçilən və s.; ətək hissəsinin biçiminə görə - düz, klyoş, qasmalı, büzməli, qırçınlı və relyefli olur.
Donu bəzəmək üçün lentdən, sutajdan, incə köbədən, krujeva və s. istifadə edilir.
Bundan başqa, qadın donlarının çeşidi və onların hazırlanmasına işlədilən parçalarda (nazik və qalın, saya və xovlu, naxışsız və naxışlı, kətan, yun, yarımyun, təbii və süni ipək və s. ) müxtəlifdir.
Donun modeli seçildikdə onun təyinatı (evdə və işdə geymək üçün, idman, istirahət və axşam donları), qadının yaşı, ölçüsü və bədəninin xüsusiyyətləri nəzərə alınır.
Qadın donu üçün müxtəlif yapışqanlı və yapışqansız ara materiallarından istifadə edilir. Bunlar geyimi kimyəvi təmizlədikdə, xlorlu məhlullarla yuduqda, qaynatdıqda onun davamlı olmasına xidmət edir. Yapışqanlı ara materialı ilə hazırlanan hissələr geyimin xarici görünüşünü yaxşılaşdırır, onun formasını uzun müddət saxlayır. Belə ara materialı yaxalığa, borta, cib qapağına və cib ağızlığına, eləcə də başqa bəzək hissələrinə işlədilir. Bu materialların işlədilmə yeri modelin texniki təsnifatında göstərilir.
Ara materialı əsas hissədən tikiş payı qədər kiçik biçilir. Onun kəsikləri tikiş xəttindən 1-2 mm aralı qoyulur və yapışdırıldıqdan sonra işlənilir. Onun yapışqanlı tərəfi yapışdırılacaq hissənin (manjet, yaxalıq, cib qapağı, cib ağız və s. ) içəri tərəfinə qoyulub preslənir və ya ütü ilə yapışdırılır. Ütülənəcək səthin temperaturu 140-160°C, təsir müddəti 10-30 san, təzyiqi isə 0,05 MPA olur.
• Qabaq və arxa hissələrdə qarsaq (yığma) və qasmaların işlənilməsi
Qadın və qız donunun bütün kəsikləri xüsusi maşında ilməklənir. Əgər bərkidici tikiş sonradan açılmalıdırsa, onda hissələr ayrılıqda, tikiş bir tərəfə yatan və açılmayan olacaqdırsa, kəsiklər bərkidici tikişlə işlənildikdən (Şəkil 3.8, a) sonra hər iki kəsik birlikdə ilməklənir. İlməkləmə tikişinin eni 4 mm, 10 mm, məsafədəki tikişin miqdarı isə 3-3,5 olmalıdır.
Sapı asan sökülən parçalardan hazırlanan don-palto, don-kostyum və sarafanın tikişi açılanda hissələrin kəsikləri tikilməzdən əvvəl ilməklənir və ya kənarları qatlanır, universal maşında açıq kəsikli qatlama tikişlə və ya tərtibatı olan maşınla kəsiyin kənarı içəri qatlanaraq qapalı kəsikli tikişlə işlənilir (Şəkil 3.8, b). Təbii ipək və məxmər kimi parçaların sapı asan sökülmədiyi üçün onların kəsiyinin kənarını mişar dişi formasında çərtməklə də işləmək olar (Şəkil 3.8, c).