• Əgər köynəkdə ətək, kürək bütöv biçilmişdirsə və köynək kəmərlə bağlanarsa, onda köynəyin yan kəsiklərini aşağıdan 5-6 sm buraxmaqla tikirlər. Tikilməmiş hissəni isə iki dəfə tərs tərəfə qatlayıb kökləyir və 0,1 sm enində maşın tikişi ilə tikirlər. Yan tikiş üzrə kəsiyi köbə ilə də hazırlamaq olar. Bunun üçün köynəyin yan tikişinin sonunda tikişə 0,1-0,2 sm qalana qədər çırt vururlar. Köbənin üst tərəfini məmulatın tərsinin üzərinə qoyub kəsiklərin kənarını bərabərləşdirir, kökləyir və köbə tərəfdən maşınla tikirlər. Sonra köbəni məmulatın üst tərəfinə qatlayıb, köbənin kəsik hissəsini 0,5-0,7 sm enində tərs tərəfə qatlayıb birinci tikişin üstünü örtmək şərti ilə 0,1-0,2 sm enində maşın tikişi ilə tikirlər. Əgər kəmərlə hazırlanan köynəklərdə kəmər köbəli və ya hörmələməli düymə yerləri ilə hazırlanırsa onda kəməri biçərkən düymələnmə üçün əlavə parçanın kəsilməsi nəzərdə tutulmalıdır. Köbəli düymə yerlərini kəməri köynək ilə birləşdirməzdən qabaq hörmələməli, düymə yerlərini isə kəməri köynək ilə birləşdirdikdən sonra hazırlamaq lazımdır. Əgər köynəyin aşağısı modeldə büzmə və ya qatlama ilə nəzərdə tutulmuşdursa, onda bunu kəməri köynəyə birləşdirməzdən qabaq yerinə yetirmək lazımdır. Kəməri köynəyə aşağıdakı kimi birləşdirirlər: əvvəlcə kəmərin aşağı kəsiyini 0,5-0,8 sm enində tərs tərəfə qatlayıb, ütüləyirlər. Sonra kəməri uzununa üz tərəfi içəri olmaqla ikiqat qatlayıb, yan kəsiklərini bərabərləşdirir və 0,7-1 sm enində maşın tikişi ilə tikirlər. Künclərdə tikişin artığını kəsib kəməri üst tərəfə çevirirlər. Sonra kəməri ütüləyirlər. Hazır kəməri köynəyin üzərinə qoyub 0,7-1 sm enində tikişlə köynək tərəfdən kökləyir və maşınla tikirlər. Tikişi kəmər tərəfə qatlayırlar. Kəmərin qatlanıb ütülənmiş kənarını birləşmə tikişinin üstünü örtmək şərtilə məmulata kökləyir və qatlanmış kənardan 0,1-0,2 sm enində üstdən getmə tikiş ilə tikirlər.
• Qadın köynəyində kəsmələrin hazırlanma xüsusiyyəti
Kəsmələr qarsaqların bir növü olub, eyni zamanda bəzək elementlərindən hesab edilir (Şəkil 3.7). Məmulatı biçərkən kəsiklərin birini mütləq o birindən elə artıq götürmək lazımdır ki, yığma, yaxud büküm üçün pay saxlansın. Kəsmənin uzun tərəfində yığma alınması üçün iki tikiş gedirlər (Şəkil 3.7, a); yığma alındıqdan sonra kəsmənin hər iki tərəfi eyni uzunluqda olmalıdır. Hissələri üz tərəfi içəri olmaqla götürüb qatlayır, kəsikləri bərabərləşdirir və yığmanı paylaşdırmaqla kökləyirlər. Kökləməni yığma əldə edilmiş hissənin kəsiyi tərəfdən, kəsiyin kənarından 0,7-0,8 sm məsafədə düzünə kökləmə tikişi ilə (1,0-1,5 sm uzunluğunda) yerinə yetirirlər.
Kəsmələri yığılma aparılan hissə tərəfdən maşında tikirlər. Tikişin eni 0,7-1,0 sm olmalıdır (Şəkil 3.7, b). Kəsmənin ucuna doğru tikişi tədricən daraldaraq kəsiyin qurtaracağından 1,0-1,5 sm keçdikdən sonra tikişin sonu yox edilir (Şəkil 3.7, c). Tikişin uclarını bəndləyib kökləmə saplarını sökürlər. Tikişi hörmələyib hissənin yığma olmayan tərəfinə doğru qatlayırlar.
İpək, yun eləcədə lavsan lifli parçalardan hazırlanan məmulatlarda kəsmə tikişini ütüləyib yatırdırlar; pambıq parça məmulatında isə yığma olmayan tərəfə qatlayırlar. Modeldən asılı olaraq kəsmə tikişi bəzəklə də işlənilə bilər. Yun, ipək, eləcə də, lavsan lifli parçalardan hazırlanan məmulatlarda kəsmələri bəzək tikişi ilə işləməzdən əvvəl kökləyirlər (üst geyimlərdə). Əgər modelə görə kəsmə tikişi bəzəkli işlənəcəksə, bərkidici tikişin eni bəzək tikişinin enindən azdırsa, kəsmənin birləşmə tikişi bəzək tikişinin altına düşmürsə, onda birləşmə tikişini yerinə yetirərkən tikişin altına əsas materialdan ensiz parça zolağı qoyurlar. Kəsmənin tikişinə üst tərəfdən yönəldici xətkeşi olan xüsusi dabanın köməyi ilə bəzək tikişi vurulur. Belə bəzək tikişinin eni modeldən asılıdır (Şəkil 3.7, ç).