• Qadın köynəklərinin biçim hissələri və aşağı kəsiyinin hazırlanması
Qadın köynəkləri təyinatına görə müxtəlif fasonlarda hazırlanırlar. İdman köynəkləri bədənə sərbəst formada, məişət, gündəlik köynəklər isə bədənə nisbətən kip, bəzək tikişli, krujeva və digər bəzək elementləri ilə hazırlana bilərlər. Qolların formasına görə köynəklər bitişdirmə qollarla, reqlan, manjetlə, manjetsiz, yaxalıqlı, yaxalıqsız və s. hazırlanır. Köynəklər üçün materiallar pambıq, ipək, süni və sintetik parçalar götürülə bilər.
• Köynəklərin biçilməsi və tikişə hazırlanması. Biçilmiş köynəklərin hissələrinin sayı onun fasonundan asılıdır. Köynəklər əsasən aşağıdakı hissələrdən ibarətdir: (Şəkil 3.6) 1 - kürək; 2 - ətək, 3 - qol; 4 - yaxalıq; 5 - manjet. Geyimin hissələrini biçdikdən sonra hazır biçim tikişçiyə təhvil verilir. Tikişçi biçilmiş hissələrin sayını, ölçülərini və keyfiyyətini yoxlayır, aşkar olunan nöqsanlar barədə biçiciyə məlumat verir. Hissələri bir-birinə dəqiq birləşdirmək üçün onların üzərində nəzarət işarələri qoyulur. Bu işarələrlə qarsağın uzunluğunu, enini, müxtəlif relyef tikişlərinin sonunu müəyyən edirlər.
Köynəyin aşağı hissəsini hazırlamağa başlamazdan əvvəl onun aşağısını dəqiqləşdirmək lazımdır. Bunun üçün köynəyi ətək və kürəyin orta xətti üzrə qatlayıb yan tikişi, qarsaqları bir-birinin üzərinə salıb sancaqlayırlar. Sancaqlamanı köynəyin aşağı hissəsindən 3 sm yuxarıda aparmaq lazımdır. Sonra isə köynəyin aşağısının artıqlarını düzəldirlər.
• Köynəyin aşağısı onun təyinatından və parçadan asılı olaraq müxtəlif üsullarla hazırlana bilər. Pambıq parçadan hazırlanan köynəklərin aşağısını ensiz qatlanma tikişi ilə universal maşında və ya əllə qatlayırlar. Bu zaman sap parçanın rəngində seçilməlidir. Yun və ipək parçadan hazırlanan köynəklərin aşağısını qatlamaq üçün əvvəlcə aşağını 1 sm enində tərs tərəfə qatlayıb düz kökləmə tikişi ilə kökləyirlər. Sonra 2-ci dəfə həmin qat payı boyda yenidən qatlayıb gizli əl ilmələri və ya xüsusi maşınlar vasitəsi ilə qatlayırlar. Köynəyin aşağısını nəm əski ilə tərs tərəfdən ütüləyirlər.
• Kənarı tez sökülən parçadan hazırlanan köynəklərin aşağısını emal etmək üçün çox vaxt köbələrdən istifadə edirlər. Köbələrdən həm də qalın materiallardan hazırlanan köynəklərin aşağısının hazırlanmasında da istifadə olunur. Bunun üçün həmin materialın rəngində olan pambıq və ya ipək parçadan köbəni biçirlər . Köbəni parçanın çəpinə istiqamətində kəsmək lazımdır. Sonra köbəni köynəyin aşağısı ilə üz-üzə qoyub kənar kəsiklərini bərabərləşdirir, kökləyir və 0,5 sm enində maşın tikişi ilə tikirlər. Tikişi köbə tərəfdən aparmaq lazımdır. Sonra köbəni köynəyin tərs tərəfinə qatlayıb kökləyir və gizli əl tikişləri ilə əsas hissəyə birləşdirirlər. Bəzən kənarı sökülən parçadan hazırlanan köynəklərin aşağısını qatlamaq üçün ziq-zaq tikiş maşınından istifadə edirlər.