Üst və alt yaxalıq üz-üzə qoyulur və araqatı materialının kəsiklərinə bərabərləşdirilir. Yaxalığın yan kəsikləri alt yaxalıq tərəfdən 5-7 mm çevrilən tikişlə birləşdirilir. Sonra onun boyun yerinə yatan kənarı tikilir. Uclarında 3 mm tikiş payı saxlanılmaqla artıq hissəsi kəsilir və kənarları düzəldilməklə üz tərəfə çevrilir. Yapışqanlı araqatı materialı yaxalığın boyun yerinə yatan kənarındakı çevrilən tikişi örtür və alt yaxalığa oturacaq kəsiyi boyu 1-2 mm enində tikilir. Yaxalıq xüsusi PV-1 aparatı ilə üz tərəfə çevrilir, kənarı üst yaxalıqdan alt yaxalığa tərəf kant əldə edilməklə düzəldilir. Onun baxyalanması və eni modelə görə müəyyən edilir. Yaxalığı calanan oturacaqla işlədikdə kəsikləri düzəldilir, oturacağın içərisinə əlavə qat qoyulur. Sonra yaxalığın geriyə qatlanan kənarının tikilməyən yeri oturacaqla birləşdirilir, oturacağın yanları çevrilən tikişlə işlənilir (bax. Şəkil 3.4). Oturacaq üz tərəfə çevrilir, tikişlər düzəldilir və ütülənir. Onun alt hissəsinə əlavə material qatına nəzarət çərtikləri vurulur. Yaxalıq boyun yerinə tikilir və tikiş oturacaq tərəfə yatırdılır. Oturacağın üst hissəsinin kəsiyi alt oturacağının tikişini 2 mm örtməklə qatlanmış kənardan 1 mm məsafədə boyun yerinə birləşdirilir.
Oturacağı ilə bütöv biçilən yaxalıq (Şəkil 3.2) çevrilən tikişlə işlənilir. Sonrakı əməliyyatlar oturacağı ayrı biçilən yaxalıqda olduğu kimi aparılır. Üst yaxalıq araqatı materialı ilə birlikdə boyun yerinə tikilir. Alt yaxalığın aşağı kəsiyi 7 mm enində qatlanır və üst yaxalığın tikişini örtməklə həmin yerdən 1 mm aralı boyun yerinə birləşdirilir. Yaxalığın boyun yerinə yaxşı yatması üçün oturacağı ilə bütöv biçilmiş yaxa qatlanma xəttindən 5 mm aşağıdan (lakin ona paralel) boşluq əldə edilməklə alt yaxalığa baxyalanır.
Qolun hazırlanması, qol yerinə birləşdirilməsi və tamamlama əməliyyatı
Qol ağzının kəsiyinə bütöv köbə qoyulur. Köbənin tərəfləri xüsusi qatlayıcı aləti olan maşında tikilir. Kəsiyin sonu qolun içərisindən (Şəkil 3.5, a) və ya üstündən (Şəkil 3.5, b) bəndlənir.
Köynəyin yan tikişləri tikilməzdən əvvəl qolqatlayıcı aləti olan ikiiynəli maşında 6 mm enində qapalı tikişlə içəri tərəfdən öz yerinə tikilir. Qol 8 mm enində universal maşında bərkidici tikişlə qol yerinə tikildikdə onun kəsikləri sonradan ilməklənir. Qol, qol yeri kəsiyinə 7-8 mm enində bərkidib ilməkləyən maşında birləşdirilir və ya 4-6 mm “bağlı” tikişlə xüsusi qatlayıcısı olan platformalı ikiiynəli maşında qolun ağzından başlayaraq işlənilir. Bundan sonra qolun ağzı tikilir.
Qolun manjetini işlədikdə (Şəkil 3.5, c) manjetin üst və alt hissəsinin üzü içəri olmaqla, ona alt hissə tərəfdən ara materialı qoyulur və 6 mm enində çevrilən tikişlə birləşdirilir. Manjet üz tərəfə çevrilir, iki qatlanaraq yuxan kəsikləri düzəldilir. Sonra yuxan kəsiyinə üzü tərəfdən 15 mm qatlanmaqla baxya salınır.
Manjetin alt hissəsi qolun ağzına ara materialı ilə birlikdə calanır. Bu zaman qolun ağzında modelə müvafiq qasma salmaq olar. Manjetin üst hissəsinin kəsiyi içəri qatlanır və alt manjetin calandığı tikişi örtməklə qolun ağzına baxyalanır. Manjeti qolun ağzına xüsusi alətlə, bir tikişlə və ya ikiiynəli maşında tikmək olar.
Köynəyin qolları manjetsiz olduqda onların ağzı universal maşında iki dəfə qatlanaraq tikilir və ya qolun ağzına qatlayıcı aləti olan ikiiynəli maşında lent calanır.
• Köynəyin tamamlama əməliyyatı zamanı hazır köynək əvvəlcə sapdan, tabaşir və qələm izlərindən təmizlənir, sonra tikişləri, hissələri, əzilən yerləri düzəldilir. Ütüləndikdə köynəyin parçasında nəmlik tamamilə yox olmalıdır. Köynəklərin son nəmlənib-isidilmə əməliyyatı xüsusi pres və ya ütülərdən ibarət olan aqreqatlarla aparılır. Son vaxtlar ütüləmə, qatlama və qablaşdırılma işləri mexanikləşdirilmişdir ki, bu da tikiş məmulatının keyfiyyətinin yaxşılaşmasına və əmək məhsuldarlığının artırılmasına imkan verir.