• Yaxalığın işlənilməsi və boyun yerinə birləşdirilməsi
Parçanın qalınlığından, sıxlığından və strukturundan asılı olaraq kişi köynəklərinin yaxalığı cod və yumşaq hazırlanır. Konstruksiyasına görə yatan yaxalıq iki hissədən ibarət və ayrı biçilmiş oturacaqlı olur.
Yaxalığın şaxlığını artırmaq üçün ona pambıq və toxunmayan parçadan yapışqanlı, xüsusi məhlul hopdurulmuş araqatı materialı qoyulur. Yaxalığa verilmiş formanın daimi saxlanılmasını təmin etmək üçün ona əsas araqatı materialından başqa, əlavə araqatı materialı da qoyulur. Onun konstruksiyası modelə müvafiq olaraq müəyyən edilir.
İndi isə kişi köynəyində hissələrin əsas və gücləndirici yapışqanlı araqatı materialı ilə işlənilmə xüsusiyyətlərini aydınlaşdıraq.
Kişi köynəyinin yaxalığı və manjetləri araqatı materialı ilə işlənilir. Araqatı materialı iki üsulla hazırlanır: araqatı paketinin karkas birləşməsi və birbaşa hissəyə yapışdırılması.
• Karkas üsulu ilə yapışdırmada yalnız çoxlaylı araqatı materialı (əsas araqatı, əlavə qat və gücləndirici qat) hissədən ayrı biri-birinə yapışdırılır.Karkas araqatı materialı paketi ayrıca olur və yaxalığın əsas parçasına yapışmamış olur. O yaxalığa tikişlə birləşdirilir.
• Birbaşa yapışdırma üsulunda yapışqanlı ara materialı üst yaxalığın içəri tərəfindən hissəyə yapışdırılır. Ara materialı kimi nöqtələrlə aşağı təzyiqli polietilen çəkilmiş materialdan istifadə edilir.
Müxtəlif materiallardan hazırlanan köynəyin yaxalığına və manjetinə birbaşa (süni ipək, trikotaj, krujeva, jakkardlı polotnodan, eləcə də boyaya davamsız olan materialdan başqa) yapışqanlı material yapışdırılır.
Karkas üsulunu tətbiq edəndə gücləndirici elə yerləşdirilir ki, onun kəsikləri əsas araqatı materialının kəsiyinə bərabər olsun (Şəkil 3.2, a) və ya gücləndirici tikiş payının eni qədər içəriyə ötürülsün (Şəkil 3.2, b).
Gücləndirici ara materialı kimi nöqtələrlə və ya bütün səthi boyu polietilen çəkilmiş ara materialından istifadə edilir. Əlavə gücləndiricini əsas araqatı materialına müvəqqəti birləşdirdikdə onu xüsusi aparatla, bir neçə nöqtələrlə və ya alt yaxalığa universal maşınla baxyalamaqla icra edirlər (Şəkil 3.2, c). Gücləndirici ara materialı yaxalığın yatan tərəfinə sonuncu dəfə preslə yapışdırılır.
Oturacağı ayrı biçilmiş yaxalığa araqatı materialı üç növ hazırlanır: iki gücləndirici ilə, bir gücləndirici ilə və iki gücləndirici ilə bütün uzunluğu boyu.
Şəkil 3.2 Oturacağı ilə bütöv biçilmiş köynək yaxalığına ara materialının qoyulma yeri
a - iki gücləndirici ilə; b - bütün yaxalıq boyu bir gücləndirici ilə; c - yaxalığın künclərində ikiqat gücləndirici ilə
|
Şəkil 3.3 Oturacağı ayrı biçilmiş köynək yaxalığına ara materialının qoyulma yeri
|