• Köynəkdə qabaq və arxa hissənin ilkin işlənilməsi
Kişi və oğlan köynəklərinin yaxalığı boyun yerinə tikilən və tikilməyən, manjetli (qatlanan və adi), ətəyə qədər düymələnən və döşə qədər düymələnən olur.
Köynəklər əsasən pambıq, ipək, lavsan, kətan və süni ipək qarışığı olan parçalardan tikilir. Parçaların çeşidi və furnituru modelin texniki təsvirində göstərilir.
Köynəklərin ayrı-ayrı hissələrini hazırladıqda bir üzü yapışqan tozu və ya yapışqan plyonka ilə örtülmüş, yaxud yapışmayan appretirlənmiş xüsusi məhlul poliamid hopdurulmuş əlavə material qatından istifadə olunur. Poliamid hopdurulmuş əlavə qat pambıq parçadan tikilən köynəklərin yaxalığına, manjetinə və ilgək yerinə qoyulur. Saya parçalardan tikilən köynəklərdə yapışqan plyonka və ya xüsusi məhlul hopdurulmuş əlavə material qatından, güllü və ya zolaqlı parça köynəklərdə isə bir üzü yapışqan tozu ilə örtülmüş əlavə material qatından istifadə edilir.
Bir üzü yapışqan tozu ilə örtülmüş əlavə material qatını hissəyə yapışdırdıqda presləmə təzyiqi 0,3-0,4 Mpa, temperaturu 145-155°C, presləmə vaxtı isə 6-7 san. olur. Yapışqan plyonkalı əlavə material qatı nəmlənməklə, yapışqan tozu ilə örtülmüş əlavə material qatı isə nəmlənmədən preslənir.
Əlavə material qatını yapışdıran ütünün temperatur tənzimləyicisi olmalıdır. Ütünün temperaturu 150-160°, ütülənmə vaxtı isə 25-30 san. olur.
Geyimin calaqları (tikələri) əsas hissələrə 4-5 mm enində qapalı tikişlə, ikiiynəli və ya universal maşında, yaxud 8 mm enində tikib-ilməkləyən xüsusi maşında birləşdirilir.
Köynəklərin yan tikişinin aşağısında açıq yer olmadıqda ətəyin qatlanma payı və tikişin eni modelə müvafiq işlənilir.
• Köynəyin düymə və ilgək yerinin hazırlanması
Ətəyə qədər düymələnməyən köynəklərin qabaq hissəsində modelə müvafiq uzunluqda düymə və ilgək yeri kəsilir. İlgək və düymə yeri üst və alt planka ilə işlənilir. Güllü və ya dama-dama parçalardan olan köynəklərdə üst planka ilə qabaq hissənin gülləri və naxışları bir-birinə uyğunlaşdırılır. Alt planka qabaq hissənin içərisinə üzüaşağı olmaqla qoyulur, kəsikləri bərabərləşdirilir, 5 mm enində calanır və kəsik tərəfə yatırdılır. Planka köynəyin üz tərəfınə, onun tikilməyən kəsiyi isə 5 mm enində içəri qatlanır və həmin yerdən 2 mm aralı (plankanın aşağı ucu ətəyə tikilir) baxyalanır.
Köynəyin qabaq hissəsinin sol tərəfi üzərinə əlavə material qatının üzü yönəldilərək qoyulur və kəsikləri 5 mm enində çevrilən tikişlə birləşdirilir. Sonra tikiş düzəldilir, əlavə material qatı köynəyin içərisinə döndərilir və əsas hissədən 1-2 mm kant alınmaqla ütülənir. Əlavə material qatının içəri qırağı onun kəsiyindən 5 mm aralı universal maşında tikilir. Qabaq hissənin sol tərəfində ilgək yerinin hazırlanması üçün qoyulan qatlanma payı köynəyin içərisinə qatlanaraq ütülənir. Qabaq hissənin sol tərəfi sağ tərəfin üstünə qoyulur və düymələnmə yeri düzbucaqlı şəklində eninə bəndlənir.
Qabaq hissənin sağ və sol tərəfi kromka ilə biçildikdə, sapı asan sökülməyən parçalardan istifadə edərkən ətəyə qədər düymələnən köynəyin düymələnmə yerinə əlavə material qatı qoyulmur. Düymələnmə yerinin qatlanma payları kromkasız biçildikdə onların kəsiyi ilməklənir. Qatlanma payları çərtiklərin köməyi ilə içəri tərəfə ütü və ya presdə qatlanır. Parçası asan sökülən köynəyin düymələnmə yerinə bez və ya madapolam pambıq parçadan əlavə material qatı qoyulur. Lent və ya ensiz parça sol tərəfin qatlanma payına xüsusi qatlayıcı tərtibatı olan ikiiynəli maşında (5-6 mm enində qatlanmaqla) tikilir. Qatlanma payından tikişə qədər olan məsafə 2 mm, iki tikiş arasındakı məsafə 25 mm, ensiz parçanın və ya lentin içəri tikişindən kəsiyinə qədər olan məsafə isə 2 mm olur.
Düymələnmə yerinin sol tərəfinin qatlanma payına əlavə material qatı qoyulur, xüsusi tərtibatı olan ikiiynəli maşında və ya çevrilən tikişlə universal maşında tikilir. Əlavə material qatının içəri kəsiyi içəri qatlanır və 5 mm enində basdırılır. Sağ tərəfinin kənarı isə 5 mm enində qatlanır və ondan 1 mm aralı universal maşında işlənilir.