Ətəyin bel yeri korsaj lenti ilə işlənildikdə ətək uzununa qatlanıb ütülənir. Qarsaqların, qasmaların, yan tikişlərin və s. düzgünlüyü ülgü ilə müəyyənləşdirilir.
Kəmər xüsusi tərtibatlı ikiiynəli maşınla (Cədvəl 6-7) kəmərin aşağı və yuxarı kəsiyinin 7-10 mm enində içəri qatlandıqdan sonra ətəyin bel kəsiyinə korsajla (və ya əsas parçadan kəmər astarı ilə) eyni vaxtda calanır (Şəkil 2.20). Kəmərin ucları düymələnmə yerində işlənir, ilgək ilməklənilir və düymə tikilir.
Ətəyin bel yeri kəsiyi calanan kəmərlə işlənildikdə (Şəkil 2.19, ç) kəmərin üzü ətəyin içəri tərəfinə yönəldilir və düymələnmə yerinin alt qatının kənarından üst qatının kənarına qədər 7 mm enində tikişlə calanır. Eyni zamanda,ətəyi asmaq üçün ona iki asqı bəndlənir. Kəmər üz tərəfi içəri olmaqla çevrilir və ucları 5 mm enində çevrilən tikişlə işlənilir. Künclərində 2-3 mm tikiş payı saxlanılmaqla artıq hissə kəsilib atılır. Kəmərin ucları üz tərəfə çevrilir, düzəldilir, ikinci kəsiyi 7 mm içəri qatlanır və həmin yerdə 2 mm məsafədə calanma tikişindən 2 mm aşağıda, eyni zamanda kəmər uclarının qırağı onlardan 2 mm məsafədə baxyalanır.
Düymələnmə yerinin üstünə ülgü ilə qarmaq yeri qeyd edilir, qatlanma payı ilə astarın arasında yerləşdirilən ilgək və qarmağın əyri ucları qatlanan kənarda açılmış deşiklərdən xaricə çıxarılır və nəhayət, yuxarıda göstərilən qaydada bərkidilir (Şəkil 2.19, ç).
• Ətəyin və başqa geyimin ətək kəsiyinin işlənilməsi
Ətəkdə ətəyin qatlanma payını müəyyənləşdirmək üçün onun qabaq və arxa taxtaları ortadan qatlanır, yan tikişləri, simmetrik qasmaları bərabərləşdirilir, masanın üzərinə sərilir. Ətək balağının qatlanma payı və artıq hissənin kəsilmə xətləri ülgü ilə qeyd edilir. Qasmalar olduqda onların köklənmə sapları sökülür, tikişləri qatlanmış və ütülənmiş olduqda ətək kəsiyindən 80-100 mm aralı çərtilir və tikiş açılır. Ətəyin balağı qeyd edilmiş xətdən və ondan 20 mm aralı qatlanır, klyoş ətəklərin ətəyi isə iki cərgə köklənir. Bu halda, birinci kök qatlanmış yerdən 10 mm, ikinci isə kəsikdən 10 mm aralı salınır. Ətəyin ətək kəsiyi (balaq kəsiyi) açıq və ya qapalı kəsikli qatlama tikişlə, ilməklənməklə, ensiz parça ilə haşiyələməklə, incə bəzək köbəsi və ya tesma ilə (qatlanıb kökləndikdən və ya köklənmədən) tərtibatlı maşında Şəkil 2.21-də göstərilən kimi işlənilir.