Ətək pambıq parçadan tikildikdə düymələnmə yerinin alt hissəsinin içəri tərəfinə pambıq astarlıq parça qoyulur və çevrilən tikişlə 4-5 mm enində işlənilir. Sonra tikiş düzəldilərək əsas materialdan 1-2 mm kant alınmaqla düymələnmə yerinin kənarı 2 mm məsafədən tikilir.
Ətək taxtalarının kəsikləri bərkidici tikişlə qabaq hissə tərəfdən birləşdirilir. Sonra tikiş açılır və ya bir tərəfə ütülənərək yatırdılır. Düymələnmə yeri aşağı kəsiklərdən 10 mm yuxarı universal maşında üç təkrar tikişlə eninə bəndlənir. Qatlanma payının kənarı modelə müvafiq olaraq baxyalanır və ya əldə gizli “iynədalı” tikişlə bəndlənir. Ətək qasmalı olduqda onun baxyasının eni düymələnmə yeri baxyasının enində olmalıdır. Düymələnmə yeri üz və içəri tərəfdən ütülənir. Düymələnmə yeri zəncirbənd ilə hazırlandıqda alt geyimlərə ilişməməsi üçün onun altına qoruyucu planka qoyulur. Planka 80-90 mm enində əriş sapı boyu biçilmiş astarlıq parçadan, üzü isə əsas parçadan hazırlanır. Uzunluğu düymələnmə yerinin uzunluğuna bərabər olan qoruyucu planka əsas və astarlıq parçadan olduqda materiallar üz-üzə qoyulur, kəsikləri uyğunlaşdırılır, yuxarı və kənar tərəfi çevrilən tikişlə birləşdirilir. Sonra üz tərəfə çevrilir, aşağı və içəri tərəfinin kəsikləri ilməklənir. Qoruyucu planka astarlıq parçadan olduqda bütöv biçilir və üz tərəfi içəriyə olmaqla qatlanır. Yuxarı və aşağı kəsikləri çevrilən tikişlə işlənilir, üz tərəfə çevrilir və içəri kəsiyi ilməklənir.
Ətək arxa və qabaq taxtalı biçiləndə düymələnmə yerində zəncirbənd tikmək üçün qatlanma payı saxlanılır (Şəkil 2.19, c). Taxtalar birləşdirilərək tikilir, sonra həmin tikiş yanlara açılır və eyni zamanda düymələnmə yerinin üst qatının payı da qatlanaraq ütülənir. Zəncirbəndin tesmasının bir tərəfi düymələnmə yerinin üst qatının payına, ikinci tərəfi isə alt qatın payına birləşdirilir. Bu halda o, düymələnmə yerinin alt qatı ilə qoruyucunun arasında yerləşdirilir. Düymələnmə yerinin kənarı baxyalandıqda tesmanın ikinci tərəfi də birləşdirilir. Modeldə baxya nəzərdə tutulmadıqda, tesmanın kənarı görünməz tikişlə əldə, yaxud xüsusi maşında bəndlənir. Düymələnmə yerinin aşağı ucunda qalan hissə isə içəri tərəfdən iki eninə tikişlə bərkidilir.
Görünən zəncirbənd tikiləcək ətək taxtalarının yan kəsikləri tikildikdən və açılıb ütüləndikdən sonra ətəyin içəri tərəfinə (üzü içəri olmaqla) yönəldilir, ütülənmiş düymələnmə yerinin qatlanma payının və tikiş payının altına qoyulur və qatlanma payının kənarından 5 mm aralı tikilir. Zəncirbəndin tesmasının aşağı ucu içəri qatlanaraq bəndlənir.
• Ətəyin bel yerinin işlənilməsi
Ətəyin bel yeri kəsiyini içəri qatlayaraq ayrı biçilmiş kəmərlə, korsaj lenti ilə və başqa hissələrlə işləmək olar. Ətək üz tərəfdən kəmərlə hazırlandıqda əvvəlcə kəmər tikilir. Bunun üçün o, üz tərəfi içəri olmaqla qatlanır və onun arxa hissəyə tərəf tikilən ucu eninə, qabaq hissəyə tərəf tikilən ucu isə üçbucaq şəklində çevrilən tikişlə 7 mm enində işlənilir (Şəkil 2.19, a). Künclərində 2 mm tikiş payı saxlamaqla artıq hissə kəsilir. Kəmərin ucları üz tərəfə çevrilir, düzəldilir və ütülənir. Kəmər ətəyin üz tərəfinə qoyularaq kəsikləri bərabərləşdirilir, üstünə isə ensiz astarlıq parça qoyulur və kəmərlə birlikdə 7 mm enində bel yerinə birləşdirilir.