• Ətəyin hazırlanma ardıcıllığı
1. Biçilmiş hissələrin yoxlanılması. 2. Simmetrik hissələrdə xəttin bir hissədən digərinə köçürdülməsi. 3. Hissələrin kəsik kənarlarının hazırlanması. 4. Qarsaqların, qatlamaların, bəzək tikişlərinin və eləcədə, ciblərin hazırlanması, hissələrin birləşdirilməsi. 5. Bağlama yerinin hazırlanması. 6. Ətəyin aşağı kəsiyinin hazırlanması. 7. Ətəyin yuxan kəsiyinin hazırlanması. 8. Ətəkdə son tamamlama işləri.
• Ətəyin biçilmiş hissələri
Əsas parçadan biçilmiş hissənin sayı ətəyin modelindən asılıdır. Əgər ətək astarla hazırlanırsa, o, əsas parçanın rənginə uyğun seçilməlidir. Ətəyin hazırlanması üçün aşağıdakı biçilmiş hissələr lazımdır: birtikişli ətək üçün - əsas parçadan bir hissə; ikitikişli ətək üçün - iki hissə; üçtikişli ətək üçün isə üç hissə biçilir və s. , korsaj lenti - 1, asılqan - 2, astar - 1. Əgər ətək koketkalı və ya ciblərlədirsə, modeldən asılı olaraq bu hissələr də biçilməlidir.
• Ətəyin düymələnmə yerinin işlənilməsi
Ətəyin belini bağlamaq üçün onda düymələnmə yeri hazırlanır. Düymələnmə yeri modelə müvafiq olaraq qabaq və arxa taxtada, tikişdə, qasmada və ya xüsusi kəsikdə ola bilər. Ətəyi bağlamaq üçün qarmaq-ilgəkdən, basma düymədən, ilgək düymədən və zəncirbənddən istifadə edilir.
Düymələnmə yerinin uzanmasının qarşısını almaq üçün onun üst hissəsində qatlanma xətti içəri tərəfdən köməkçi ülgü ilə qeyd edilir (Şəkil 2.19, a). Ondan 2 mm aralı müəyyən qədər dartılmaqla yapışqanlı kromka qoyulur, yaxud yapışqansız kromka və ya ara materialı (kənarından 2 mm aralı) universal maşında tikilir. Qatlanma payının kənarına astarlıq parçadan köbə qoyulur, 4-5 mm enində çevrilən tikişlə işlənilir və onun içəri tərəfinə çevrilir. Bununla da 4-5 mm enində kant alınır. Kantı daimi bəndləmək üçün çevrilən tikişin yanından yeni tikiş salınır. Bu halda, ara materialı da həmin tikişin altına düşür. Pambıq parçadan hazırlanan ətəkdə düymələnmə yerinin qatlanma payı 7 mm içəri qatlanır və ondan 2 mm məsafədən tikilir. Ətək kəmərsiz olduqda düymələnmə yerinin qatlanma payı onun içərisinə qatlanır və yuxarı kənarı çərtik yerinə qədər 7 mm enində çevrilən tikişlə universal maşında tikilir, küncləri üz tərəfə çevrilir, düzəldilir, əldə düz tikişlə və ya zəncirvari tikişli xüsusi maşında köklənir və içəri tərəfdən ütülənir.
Düymələnmə yerinin alt hissəsində qatlanma payının kənarına astarlıq parçadan köbə qoyulub çevrilən tikişlə 4-5 mm enində tikilir. Köbə kəsiyinin kənarından 4-5 mm enində içəri qatlanmaqla kant əldə edilir və universal maşında çevrilən tikişin yanından tikilir. Astarlıq parçanın içəri kəsiyi 10 mm enində içəri qatlanır və ondan 2 mm məsafədə universal maşında işlənilir. Ətək düymələndikdə bu tikiş üz tərəfdən görünməməlidir. Astarlıq parçanın içəri kənarını gizli tikişli xüsusi maşında da basdırmaq mümkündür.