Düymələnmə yerində hissələr aşağıdakı ardıcıllıqla birləşdirilir: şalvarın sol qabaq hissəsinə tərtibatın köməyi ilə ilgəkyeri zəncirbənd lenti ilə birlikdə 2 mm enində eyni vaxtda calanır (Şəkil 2.12, tikiş - 1). Lent eyni zamanda calandığı üçün ilgəkyerinin calanma tikişinin sonradan baxyalanmasına ehtiyac qalmır. İlgəkyerinin qalınlığını azaltmaq üçün onun calanma tikişi ütülənib açılır və ütülənərək yatızdırılır. İlgəkyerinin üzərindən vurulan bəzək baxyası kəmər yerinə birləşdirildikdən sonra icra edilir (Şəkil 2.12, tikiş - 2).
Düymə yeri şalvarın sağ qabaq hissəsinə, miyançanın aşağı hissəsindəki çərtiyə müvafiq olaraq yerləşdirilib bərkidici-ilməkləyici maşınla calanır (Şəkil 2.12, tikiş - 3). Sonra şalvar çevrilir, düymə yeri astarı səliqə ilə 2 mm enində tikişlə baxyalanır (tikiş - 4). Bu əməliyyat şalvarın kəməri işlənildikdən sonra icra edilir.
Şalvarın orta kəsiyi bərkidici tikişlə işləndikdən sonra zəncirbəndin aşağı tərəfindəki ucundan (xüsusi tərtibatın köməyi ilə) zəncirbəndə bəndkeçirilir, sonra zəncirbəndin tağları bir-birinə bəndlənir və zəncirbəndin bəndi aşağı-yuxarı hərəkət etdirilməklə keyfiyyəti yoxlanılır.
• Cins parçadan hazırlanan şalvarda düymələnmə yerinin zəncirbənd lentlə işlənilməsi
Düymələnmə yerini bu variantda işlədikdə zəncirbənd yığılmış, qulfik və düymə yeri isə ayrı biçilmiş halda olur. Düymə yeri zəncirbəndin lentinin kənarından 3 mm məsafədən ikiiynəli maşınla baxyalanır. Düymə yeri uzununa iki qatlanır, kəsikləri bərabərləşdirilir, həmin kəsiyin üzərinə zəncirbənd lenti üzüaşağı qoyulur və birlikdə ilməklənir. İlməkləməni asanlaşdırmaq üçün zəncirbəndin bəndi lazımı istiqamətdə hərəkət etdirilir (Şəkil 3.363, a). Sonra ilgəkyerin xarici kəsiyi ilməklənir. Düymə yerinə calanmış zəncirbənd lenti çərtiyə müvafiq olaraq ilgəkyeri ilə üz-üzə qoyulur, ilgəkyerinə tikiləcək zəncirbənd ikiiynəli maşınla tesmanın kənarından 3 mm məsafədən baxyalanır (Şəkil 2.13, b).