Ayrı biçilmiş düymə yeri şalvarın sağ qabaq hissəsinə, düymə yeri tərəfdən, kəmər kəsiyindən başlayaraq (kəmər kəsiklərini bərabərləşdirməklə) çərtiyə kimi calanır, bu halda düymə yerinin astarı kənarlaşdırılır (bax: Şəkil 2.9, c, d, tikiş - 3). Düymə yerinin calama tikişi ütülənib açılır (Şəkil 2.9, ç, d) və ya ütülənib yatızdırılır (Şəkil 2.9, c).
Düymə yeri astarını bəndləmək üçün düymə yeri tərəfdən və ya qabaq hissədən astarı düzəltməklə aşağıya kimi baxyalanır (Şəkil 2.9, c, d, tikiş - 4). Şalvarın qabaq hissəsində düymə yeri bütöv biçildikdə və ya düymə yeri astarı da qabaq hissə ilə birlikdə biçildikdə aşağıdakı ardıcıllıqla işlənir: düymə yeri payının xarici kəsiyi astarlıq parçadan olan bir və ya iki qat qatlanmış köbə ilə çevrilən tikişlə işlənilir (Şəkil 2.10, a, b, tikiş - 1), yaxud da universal maşınla qapalı kəsikli yapışdırıcı tikişlə birləşdirilirə bilər.
Əgər düymə yeri bir qat astarla işlənilmiş olarsa, düymə altını möhkəmlətmək üçün astarın içəri qatlama payını enli götürmək lazımdır ki, o, düymənin altına düşsün. Astarın içəri qatı qabaq hissəyə kəmər kəsiyindən çərtiyə kimi baxyalanır (tikiş - 2).
Düymə yeri qabaq hissədə astarla bütöv biçildikdə (Şəkil 2.10, b) astarın qatlanma payı çərtikdən içəri tərəfə qatlanır və onun içəri kəsiyi də içəri qatlanaraq şalvarın qabaq hissəsinə baxyalanır. Bu əməliyyat qatın çərtiyə müvafiq dəqiq qatlanması yoxlanıldıqdan sonra icra edilir.
• Şalvar miyançasının zəncirbəndlə işlənilməsi. Bu üsulun tətbiqi texnoloji əməliyyatın azalmasına geniş imkanlar yaradır. İlgəkyeri və düymə yeri hazırlamağa, ilgək açmağa və düymə tikməyə maşın tələb olunmur. Bunun sayəsində istifadə olunan parça qatının sayı azalır, qovşaqlar naziklənir və iqtisadi fayda əldə edilir. Şalvarın qabaq hissəsində ilgəkyeri və düymə yeri ayrı və ya bütöv biçildikdə də zəncirbənddən istifadə edilir. İndi əsasən şalvarın miyança ,ilgəkyeri, düymə yeri və qabaq hissədə cibin köbəsi bütöv biçilir. Elə bu səbəbdən də, bu növ biçim konstruksiyası texnologiyalı hesab olunur.
Qabaq hissədə ilgəkyeri və düymə yeri bütöv biçilən miyançanın zəncirbəndlə işlənilməsi Şəkil 2.10-da göstərilmişdir. Zəncirbəndin tərəfləri ayrı-ayrılıqda ilgəkyerinə və düymə yerinə baxyalanır (tikiş - 1 və 2).
Yaxud sağ tərəfdə düymə yerində kəmər kəsiyindən miyançanın aşağı hissəsindəki çərtiyə qədər düymə yeri payında dərinliyi 4-5 mm olan qasma düzəldilir, zəncirbənd lenti həmin qasmaya qoyulur və qasma qatından 1-2 mm enində, kəmər kəsiyindən başlayaraq aşağıdakı çərtiyə kimi baxyalanır. Zəncirbənd lentinin kəmər kəsiyindəki ucu, qabaq hissənin astarı kəmər kəsiyindən 5 mm enində universal maşınla bəndlənir. Yaxud düymə yerinin içəri kəsiyinə çevrilən tikişlə astar calanır. Bu halda kəmərin ucu da həmin astarla çevrilən tikişlə işlənilir. Astar üz tərəfə çevrilir. Bu qayda ilə sol tərəf də işlənir və ya sol tərəfdə ilgəkyerinin içəri kəsiyi haşiyələnir (Şəkil 2.11, tikiş - 4). Sonra kəmər calanır. Düymələnmə yerinə metal qarmaq və ilgək sıxılaraq bərkidilir. Düymə yeri və ilgəkyeri kəmərlə birlikdə haşiyələnir (tikiş - 3, 4). Qabaq hissənin sol tərəfi (ilgək yerini əvəz edən yer) elə qatlanır ki, zəncirbənd lentinin dişli tərəfi ilə qatın arasında 15 mm məsafə qalsın, sonra baxyalanır (tikiş - 5). Bu, həm də bəndləmə tikişi olur. İlgəkyeri və düymə yeri ayrı biçilmiş düymələnmə yerində zəncirbənd lenti bu ardıcıllıqla (Şəkil 2.12) işlənilir: rulondan (və ya hazır zəncirbənd) yönəldici vasitəsi ilə gələn zəncirbənd ilgəkyerinə üz tərəfinə üzüaşağı baxyalanır (Şəkil 2.12, a), zəncirbənd lentinin o biri tağı düymə yerinin içəri kəsiyinə üzüyuxarı universal maşınla baxyalanır (Şəkil 2.12, b, tikiş - 1).