İlgəkyerinin astarı qabaq hissə ilə birlikdə (bütöv) biçilə bilər (Şəkil 2.8, b, c, ç). Belə olduqda ilgəkyerinin xarici kəsiyi çərtikdən qabaq hissənin üz tərəfinə qatlanır (Şəkil 2.8, b) və ilgəklər ilməkləndikdən sonra (tikiş - 1), o, ikinci çərtikdən yenidən üz tərəfə qatlanır (Şəkil 2.8, c) və ilgəklərə paralel astarla ilgəkyeri universal maşında ilgəklərin arasından 7-10 mm uzunluğunda irəli-geri tikişlə bir-birinə bəndlənir (tikiş - 2). Bu halda astarın xarici kənarı ilgəkyerinin kənarından 5 mm qırağa çıxmalıdır. Sonra hazır ilgəkyeri qabaq hissənin içəri tərəfinə qatlanır və ütülənir. Kəmər kəsiyində işlənmiş ilgəkyeri və astar 5 mm enində tikişlə bəndlənir (Şəkil 2.8, ç, tikiş - 3), sonradan (düymələnmə yeri hazır olduqdan sonra) miyança baxyalanır (tikiş - 4).
İlgəkyerini qabaq hissənin diz astarı ilə birlikdə də icra etmək olar (yüksək qruplu parçadan tikilən şalvardan başqa). Belə olduqda, astar qabaq hissəyə ilgəkyeri hazırlandıqdan sonra birləşdirilir. İlgəkyerinin xarici kəsiyi qabaq hissənin sol tərəfinin astarı ilə qabaq hissənin çərtiyinə qədər 4-5 mm enində qapalı kəsikli üst tikişlə, əsas parçadan 1,5 mm enində kant əldə edilməklə tikilir. İlgəkyeri ütülənir və ilgəkləri yuxarıda göstərildiyi kimi ilməklənir.
Pambıq parçadan hazırlanan xüsusi və idman şalvarlarında ilgəkyeri astarla, şalvarın qabaq hissəsi ilə birlikdə və ya astarsız biçilə bilər.
• Düymə yerinin işlənilməsi
Düymə yeri calaqlı olduqda 7 mm enində tikişlə calanır, tikiş açılıb ütülənir. Düymə yerinin möhkəm olması üçün ona yapışqanlı ara materialı və ya astar qoyulur, yaxud da korsaj lenti ilə işlənir. Ara materialı ilə astarın içəri kəsiyi birlikdə ilməklənir (Şəkil 2.9, a) və ya düymə yeri astarla çevrilən tikişlə birləşdirilir (Şəkil 2.9, b, tikiş - 1). Düymə yerinin xarici və aşağı kəsiyi astarla, çevrilən tikişlə düymə yeri tərəfdən işlənilir (Şəkil 2.9, a, tikiş - 2). Aşağı küncdəki tikiş payını 3 mm saxlamaqla artıq hissə kəsilir. Çevrilən tikişlə işlənilmiş düymə yeri üz tərəfə çevrilir, əsas parçadan kant əldə etməklə ütülənilir.
Əgər düymə yeri hazırlanarkən astar əvəzinə korsaj lentindən istifadə olunarsa (Şəkil 2.9, d), onda düymə yeri xarici kəsiyi çevrilən tikişlə (tikiş - 1), onun aşağı qövsvari kəsiyi ilməklənməklə işləniləcəkdir (tikiş - 2). Düymə yerinin xarici kəsiyini korsaj lentə yapışdırıcı tikişlə də baxyalamaq olar.