Astar şalvarın qabaq hissəsinin içəri tərəfinə tərs üzü içəri olmaqla qoyulur. Kəsiklər bərabərləşdirilir, qabaq hissənin yan və addım kəsikləri astarla birlikdə xüsusi maşında ilməklənir. Cib yan tikişdə olduğu halda onun yan kəsiyi balaqdan cibin alt çərtiyinə qədər sağ addım kəsiyi tam, sol addım kəsiyi isə düymə yeri kəsiyinə qədər ilməklənir.
Astarın bel yeri kəsiyində qabaq hissənin qarsaq və qasmalarına müvafiq qasma əldə edilir və bəndlənir. Konstruksiyaya uyğun astarla qabaq hissələrin kəsiklərini ilməklədikdə yan və addım kəsiyinin yuxarısında, bütün eni boyu astardan 10 mm dərinliyində boşluq payı, yəni qasma qoyulur (Şəkil 2.7, ç) və yaxud da astar qabaq hissəyə oturdurulur.
• Şalvarın arxa hissəsinin hazırlanması. Əgər şalvarın addım kəsiyində calaq varsa, əvvəlcə calaq 10 mm enində tikişlə calanır, sonra isə tikiş açılır. Xüsusi və idman şalvarının, eləcə də pambıq parçadan hazırlanan şalvarın arxa hissəsindəki addım kəsiyinin calağı qapalı və ya bağlı tikişlə işlənilə bilər. Sonra quraşdırma əməliyyatı aparılır. Əgər modeldə şalvar kəmərinin uzunluğunu tənzimləmək üçün kəmərcik nəzərdə tutulmuşdursa, ona çərtiklə qeyd edilmiş qarsaq ilə birlikdə toqqa salınır və tikilir.
Şalvarın arxa hissəsinə lazımı həcmli forma nəmlənib-isidilmə əməliyyatı hesabına verilir. Şalvarın model və konstruksiyasından (dar, gen) asılı olaraq hissələrin nəmlənib-isidilmə əməliyyatı, eləcə də şalvarın əsas hissəsindəki əməliyyatlar müxtəlif tərzdə aparılır. Nümunəvi konstruksiyalı və orta enlilikdə olan şalvarın arxa hissəsinin nəmlənib-isidilmə əməliyyatı belə yerinə yetirilir:
Çox ensiz modelli şalvarın qabaq hissəsinə də müəyyən forma vermək lazımdır. Bu məqsədlə o, yan və addım kəsiyinin diz xəttindən 12-15 mm aşağı dartılmalıdır. Əməliyyat şalvarın qabaq hissəsinin hər iki tərəfində eyni vaxtda aparılır, alınmış forma möhkəmləndirilir. Yan kəsiyini dartanda addım kəsiyi tərəfi hamar yatmalıdır. Dartılmadan sonra qabaq hissənin kəsiyi aralanır və sonrakı əməliyyat hər birində ayrı-ayrılıqda aparılır. Qabaq hissənin üz tərəfi içəri olmaqla şalvarın addım və yan kəsiyi azacıq bərabərləşdirilir və iki qatlanır. Bu halda addım kəsiyinin miyança hissəsi yan kəsikdən 12-20 mm aralı keçməlidir. Sonra hissənin qatı ütülənir, diz xəttindən balağa qədər olan boşluqlar ütülənərək yox edilir və hamar qat xətti əldə etməklə şalvarın qabaq hissəsinə lazımı forma verilir.