1.2.3. Qiymətləndirmə
Öyrənmə prosesinə bağlı olan qiymətləndirmə meyarı:
“Çertyoja əsasən əsas və köməkçi ülgüləri hazırlayır”
|
Bütün parçalar toxuculuq müəssisələrində dekatirlənir ki, sonradan qısalmasın. Lakin buna baxmayaraq, toxuculuq müəssisələrində bu prosesin düzgün aparılmadığı hallarda bəzi parçalarda qısalma baş verir.
Paltar geyiləndə nəmlik və istiliyin təsirindən, təmizləndikdən və ya yuyulduqdan sonra qısalır. Yun və bəzi süni liflərdən hazırlanan parçalardan olan geyimlər yuyulduqda və təmizləndikdə onlarda qısalma daha çox hiss olunur. Nəticədə, geyimlər deformasiyaya uğrayır və adamın bədənində yöndəmsiz görünür. Bu nöqsanı aradan qaldırmaq üçün biçimdən qabaq parça və köməkçi materiallar dekatirlənməlidir.
Pambıq parçanı dekatirləmək üçün onu bir neçə saat isti suda isladıb burmadan azacıq sıxmaq və quru mələfəyə bükmək lazımdır. Qısa vaxtdan sonra elə sərilməlidir ki, parçada çəplik alınmasın. Sonra azacıq nəm halda parça əriş sapı boyu ütülənir.
İpək parçanı bir neçə saat nəmlənmiş mələfəyə büküb saxlamaq, sonra əriş sapı istiqamətində tərs üzü tərəfdən quru kətan parçanın üstündən ütüləmək lazımdır.
Yun parçanı dekatirləmək üçün üstünə nəm material qoyub isti ütü ilə elə ütüləmək lazımdırki, ütü parçaya səthi toxunsun. Bundan sonra parça quru materialın üstündən əriş sapı istiqamətində ütülənir. Qalın və ağır parça olduqda onu həddən artıq nəmləndirmək lazımdır. Nəmliyin bərabər paylanması üçün parça qatlanır, onun üstünə taxta, taxtanın üstünə isə ağır daş qoyulur. Həmin vəziyyətdə 7-10 saat saxlanılır. Sonra parça üstünə sərilib tərs üzü tərəfdən əriş sapı istiqamətdə isti ütü ilə tam quruyanadək ütülənir. Əgər əməliyyat zamanı bəzi yerdə parça dartılmış olarsa, həmin yerə azacıq nəm ütüaltı materialı qoyulub ütü ilə yığmaq lazımdır.
Süni liflərdən olan parça, velvet və məxmər dekatirələnmir. Bütün bu əməliyyatlardan sonra parça biçimə hazır hesab edilir.
Biçimdən əvvəl məmulatın ülgüsü hazırlanmalıdır. Ülgü möhkəm preslənmiş kartondan və ya qalın çertyoj kağızından hazırlansa daha yaxşı olar. Ülgü çertyojunu özünüz qura bilərsiniz və ya modalar evindən, mağazadan hazır ülgü almaqla və ya jurnallarda verilən model ülgülərinin çertyojunu kağız yaxud karton üzərinə köçürtməklə də əldə etmək olar.