Əgər şalvar arxa hissədə, kəmərdən aşağı büzüşürsə, bu, orta tikişin uzun, omba sahəsindəki arxa hissənin isə ensiz (Şəkil 4.9, ə) olmasından baş verir. Qüsuru düzəltmək üçün orta tikişi qısaltmaq, artıq parçanı orta kəsikdə kəsib götürmək, arxa hissənin orta və yan tikişlərinin enini azaltmaq, yəni, arxa hissəni omba sahəsində enlətmək lazımdır.
Addım və yan tikişlərdə büzüşmələr əmələ gəlmişdir (Şəkil 4.9, e). Bu, yan və addım kəsiklərini tikəndə tikiş boyu qeyri-bərabər yığmalar alınması nəticəsində əmələ gəlir. Bu qüsuru yığmanı yox etməklə aradan qaldırmaq olar.
Şalvarın arxa hissəsində, baldırın aşağı və ya yuxarı hissələrində əziklər əmələ gəlmişdir (əkil 4. 9,g). Bu qüsur əsasən dar balaqlı şalvarda, baldırın doluluğu bütün şalvar enində nəzərə alınmadıqda və ütülənmə kifayət qədər aparılmadığı hallarda meydana çıxır. Qüsur ehtiyat parçanın köməyi ilə şalvarı enliləşdirməklə, ütüləməni təkrarlamaqla aradan qaldırıla bilər.
Yan tikiş dartılmış olarsa (Şəkil 4.9, ğ), bu, insanda omba qabarıqlığı müxtəlif olduğu zaman əmələ gəlir. Yəni ombanın biri o birindən böyük olmuş, ülgü çertyoju çəkiləndə isə bu cəhət nəzərə alınmamışdır. Arxa hissənin orta və addım kəsiyi hesabına şalvarın omba sahəsini enliləşdirmək lazımdır. Nəticədə qabaq hissənin balaq sahəsində və kəmər tikilən yerdə artıq qalmış parça kəsilib düzəldilir.
Yan tikişdə eninə əziklər əmələ gəlmişdir (Şəkil 4.9, h). Bu qüsur şalvarın yan kəsiyinin uzun (artıq) olması nəticəsində baş verir. Bunu düzəltmək üçün yan kəsikdə şalvarı qısaltmaq lazımdır.
Yan tikişdə büküklər əmələ gəlmişdir. Qüsur omba sahəsində şalvar enli olduqda, yan tikiş qabarıq alındıqda və ya fiqur yastı, batıq budlu olduqda əmələ gəlir. Bu halda şalvarın enini lazımı qədər azaltmaq lazımdır. Artıq parça yan tikişdə, şalvarın arxa və qabaq hissələri arasında bərabər azaldılır. Şalvar bədənə geydirilərək uyğunlaşdırıldıqda göstərilən bütün qüsurlar düzəldilməlidir.