Əgər qarın yastı və düz olsa, bel xəttində qabaq hissənin orta kəsiyini (miyança)B2 nöqtəsindən 1 sm sola çəkmək və 0,5 sm qısaltmaq lazımdır. Belə fiqurlu bədənin şalvarının arxa hissəsində dəyişiklik aparılmır.
a
|
b
|
c
|
ç
|
Əgər fiqurda sağrı qabarıqdırsa, onda oturacaq kəsiyi B2 nöqtəsindən (Şəkil 4.8,b) 1-2 sm yuxarı qaldırılmalıdır. Bu halda qabaq hissə dəyişməz qalır.
Əgər fiqurda ombalar qabarıqdırsa, onda bel xəttində qabaq və arxa hissələrin yan kəsiklərini 1-1,5 sm yuxarı uzatmaq, ombaları batıq yastı fiqurlarda isə əksinə 1-2 sm qısaltmaq (endirmək) lazımdır (Şəkil 4.8, c, l).
Əgər şalvarı bədənə geydirib uyğunlaşdırdıqda sağrı büküyü sahəsində qırışıq, sınma əlamətləri görünürsə, deməli, omba və addım sahəsində arxa hissə ensizdir (dardır). Bu qüsuru ehtiyat saxlanmış parçanın hesabına enlədərək ləğv etmək lazımdır. Bu kömək etməzsə, arxa hissənin addım kəsiyinə (sağrı səviyyəsində) calaq tikmək lazımdır (Şəkil 4.9, a).
Əgər arxa hissənin orta tikişində sağrı büküyündən aşağı əziklik, büzüşmə alınarsa, demək, oturacaq tikişi uzundur (Şəkil 4.9, b). Bu zaman oturacaq tikişi lazımı qədər qısaldılmalıdır. Həm də bu zaman kəmər müəyyənləşdirilmiş bel yerindən aşağı salınır, artıq qalmış parça yan və orta tikişlə və ya xiştəyin ağzının enini böyütməklə bərabər halda paylanıb aradan qaldırılır.
Əgər büzüşmə arxa hissənin bel yerindən aşağı, yan kəsiyə tərəf yönəlmişdirsə, deməli, oturacaq kəsiyi qısadır (Şəkil 4.9, c). Buna görə də addım xəttini dərinləşdirmək və oturacaq kəsiyini artırmaq lazımdır.
Əgər büzüşmə arxa hissədə, aşağıdan yuxarı, yan kəsiyə tərəf yönəlmişdirsə, bu o deməkdir ki, oturacaq kəsiyi uzundur, onu (sağrısı yastı fiqurda) qısaltmaq lazımdır (Şəkil 4.9, ç). Bu qüsur həddindən artıq gözə çarpırsa onda yan tikiş sökülür, arxa hissədə yığılıb qalmış artıq parça yan tikişə salınır və büzüşmə yox edilir.
Əgər qabaq hissənin qatlanıb ütülənmə xətti yan tərəfə düşürsə, bu, qabaq tikişin qısa və arxa hissələrin sağrı səviyyəsində ensiz olduğunu göstərir (Şəkil 4.9, d). Bu qüsur ülgü çertyoju qurulanda omba qabarıqlığının böyüklüyünün və ya ayaqların sıfra bənzər olmasının, yaxud əyripəncəliliyin nəzərə alınmaması nəticəsində əmələ gəlmişdir. Bunun üçün qabaq hissədə addım kəsiyini dərinləşdirmək və oturacaq kəsiyini uzatmaq lazımdır. Ehtiyat parça balaq xəttində həmin ölçüdə aşağı düşür. Şalvarın arxa hissəsi sağrı səviyyəsində enliləşdirilir, qabaq və orta tikişlər dərinləşdirilir.
Qabaq hissənin qatlanıb ütülənmə xətti içəri tərəfə düşmüşdür (Şəkil 4.9, e). Bu qüsur qabaq və orta kəsiklər lazımı dərinlikdə tikilmədikdə, ayaqlar kənara doğru əyildikdə və X-bənzər forma olduqda əmələ gəlir.