Geyim omba xəttində ensiz və ya enlidir. Demək, ülgü çertyoju qurulanda məmulatın eni omba xətti boyu düzgün hesablanmamış, yaxud yan tikiş köçürmə tikişi üzrə köklənməmişdir. Bu qüsuru düzəltmək üçün yan köklənməsi sökülür. Geyim lazımı qaydada enliləşdirilir və ya ensizləşdirilir.
Düymələnən geyimin qabaq hissələrinin ətəkləri gərdən xəttinə nisbətən aralanır (Şəkil 4.4. b). Buna qabaq hissənin qövs xəttindən boyun özül nöqtəsinə qədər olan uzunluğun normadan çox olması səbəb olur. Ona görə də çiyin köklənməsi sökülür, qabaq hissənin parçası çiyin tikişinə tərəf sürüşdürülür və boyun yerinin kəsiyi dərinləşdirilir.
Düymələnən geyimlərdə qabaq hissələrin ətəkləri gərdən xəttinə nisbətən bir-birinin üstünü çox örtür (Şəkil 4.4, c). Çünki qabaq hissənin qövs xəttindən boyun özül nöqtəsinə qədər olan uzunluğu normadan qısa alınmışdır. Bunun üçün çiyin köklənməsi sökülür, boyun yerindəki ehtiyat tikiş payından istifadə edilir. Çiyin tikişinin eni qol yeri tərəfdə əvvəlki kimi saxlanılır. Əgər çiyin tikişindəki parça kifayət etməzsə, onda yan kəsik sökülür, qabaq hissənin yan kəsiyi arxa hissənin yan kəsiyinə nisbətən lazımı qədər qaldırılır, qol yeri düzəldilir və çiyin kəsiyi köklənir.
Qol qabaqdan eninə qırışmışdır (Şəkil 4.5, a). Bu ona görədir ki, oval kökləmə zamanı qolun yuxarı dairəsi ilə qol yerinin nəzarət nöqtəsi bərabərləşdirilməmişdir.
Qolun yuxarı dairəsinin nəzarət nöqtəsi qabaq hissənin qol yeri boyu aşağı düşmüşdür. Bunun üçün qol sökülür, yığma qolun yuxarı dairəsi boyu düzgün paylaşdırılır. Qol fiqurda qol yerinə yenidən uyğunlaşdırılır. Yuxarı və aşağı nəzarət nöqtələri elə bərabərləşdirilir ki, qolun orta xəttinə saldığımız nəzarət sapı şaquli vəziyyətdə dursun (Şəkil 4.5, c).
Qol arxadan eninə qırışmışdır (Şəkil 4.5. b). Buna səbəb qolu öz yerinə kökləyəndə qol dairəsinin yuxarı nəzarət nöqtəsindən arxa hissənin qol yeri tərəfə keçməsidir. Bu qüsuru aradan qaldırmaq üçün qol öz yerindən sökülür, qolun yuxarı dairəsində yığmalar bərabər paylandıqdan sonra yenidən yerinə uyğunlaşdırılır. Aşağı və yuxarı nəzarət nöqtələri elə bərabərləşdirilir ki, qolun ortası boyu salınmış nəzarət sapı şaquli vəziyyətdə yerləşsin (Şəkil 4.5, c).
Qol dairəsinin yuxarı hissəsində eninə qırış alınmışdır (Şəkil 4.6, a). Bu, qol dairəsinin hündür olması ilə əlaqədardır. Bunun üçün qol yerini dərinləşdirmək və ya qol dairəsinin hündürlüyünü azaltmaq lazımdır.