Geyimdə qüsurun əmələ gəlməsinə səbəb ölçü göstəricilərinin bədəndən səhv götürülməsidir. Çünki düzgün götürülməyən ölçülərin ülgü çertyoju əsasında biçilən geyim də bədənə yaxşı oturmayacaqdır. Qüsurun səbəblərindən biri də geyimin bədənə birinci uyğunlaşdırılmasının dəqiq aparılmamasıdır.
Uyğunlaşdırılma zamanı aşkara çıxan əsas qüsurlar və onların düzəldilməsi qırıq xətlərlə göstərilir (Şəkil 4.1. a, b).
a
|
b
|
Geyimdə arxa hissə qabaq hissəni geriyə dartır və kürəkdə yan tikişə tərəf büzüşmə əmələ gətirir (Şəkil 4.1 a, b). Buna arxa hissənin qısalığı səbəb olur. Deməli, yan kəsikləri kökləyəndə nəzarət çərtikləri bərabərləşdirilməmiş, arxa hissənin nəzarət çərtiyi qabaq hissənin çərtiyindən aşağı düşmüşdür, yaxud arxa hissənin bel xəttinə qədər olan (Uabel ) uzunluğu səhv çıxarılmış, ya da ülgü çertyoju qurulanda fiqurda belin bir az bükük olması və ya çiyinlərin qalxması nəzərə alınmamışdır. Həmin qüsuru aradan qaldırmaq üçün arxa hissə uzadılmalıdır. Buna bel xəttindəki payın və yaxud ətək (balaq) xəttinin hesabına nail olmaq mümkündür. Bunun üçün yan kəsiyin kökləməsi sökülür, arxa hissə yuxarı qaldırılır və onun qol yeri dərinləşdirilir. Lazım gələrsə, çiyin kəsiyi sökülür və yenidən sancaqlanır. Çiyinin boyun tərəfindəki tikişinin eni əvvəlki kimi saxlanılır (ştrixlə arxa hissədə düzəliş üçün dəyişiklik göstərilmişdir).
Arxa hissənin qol yeri sahəsindəki eninə qırış kürəyə tərəf yönəlmişdir (Şəkil 4.1. b). Qüsur arxa hissənin çiyin xəttindəki yığmanın, çiyin kəsiyindəki xiştəyin, yaxud çiyin mailliyinin azlığı nəticəsində əmələ gəlmişdir. Bunu düzəltmək üçün çiyinin köklənməsi sökülür, xiştək yenidən sancaqlanır. Çiyin kəsiyinin yeni xətti müəyyənləşdirilir, yaxud çiyin kəsiyində yığmanın həcmi və ya çiyinin mailliyi artırılır.