İstiliksaxlayan qatın miqdarı modelin texniki təsvirinə müvafiq olaraq seçilir. İstiliksaxlayan qat astara sırındıqdan sonra astarın hissələri ülgü ilə müəyyənləşdirilir. Əsas astarın və istiliksaxlayan qatın yan kəsikləri bir-birinə uyğunlaşdırılaraq 10 mm enində tikişlə birləşdirilir. Sonra onların çevrilən tikişlə işlənilməsi üçün tabaşirlə nəzarət xətləri çəkilir.
Əgər istiliksaxlayan qatın uzunluğu geyimin ətəyindən 50-100 mm qısa olarsa və geyimdə arxa yamşaq mövcuddursa, onda əsas astarda tərs üz tərəfdən ülgü ilə kəsilmə xətti qeyd edilir.
Çiyin kəsiyi (hər iki astarda) 10 mm enində tikilir. Əsas astar və astarlı istiliksaxlayan qat üz tərəfləri içəri olmaqla bıçaqlı maşında 7 mm enində çevrilən tikişlə, bort kəsiyinin, boyun yerinin və ətəyin nəzarət xətləri bərabərləşdirilməklə tikilir.
Arxa hissənin astarını hazırladıqda yamşaq kəsiyi də müəyyən edilmiş xətdə çevrilən tikişlə işlənilir. Eyni zamanda, bortun ətək hissəsindəki küncləri oval formada olduqda tikiş payına 1-2 mm qalana qədər 4-5 yerdən çərtik vurulur. Boyun yeri də bu qayda ilə çərtilir.
Əsas astarla istiliksaxlayan qat astarının yan tikişləri bərabərləşdirilir və əsas astardan 5 mm yığma almaqla tikişin uzunluğu boyu tikilir.
Tikiş qol yerindən 80-100 mm aşağı hissədən başlayır və bel yerindən 100-120 mm aşağıda qurtarır. Astar qol yerindən üz tərəfə çevrilir, boyun yerinin, bortların, ətək, eləcə də arxa hissədəki yamşağın kənarları ilə əsas astardan 2-3 mm kant əldə edilməklə tikilir. Tikiş kənardan 3-4 mm məsafədə salınır. İki üzü astarlı qatın qol yeri köbə ilə haşiyələnir.
Qabaq hissədə ülgü ilə düymə yerləri qeyd edilir, sonra qabaq hissənin bortuna düymələr tikilir. Arxa hissənin ortasına (boyun yerinin yanına) bir düymə qoyulur. Düymələr xüsusi maşında tikilir.
İstiliksaxlayan qat qollu olduqda qolun əsas astarı qola sırınmış astarın ağzına 7-10 mm enində birləşdirilir.
Əsas astarla istiliksaxlayan qatın astarı dirsək kəsiklərində çərtiklə bərabərləşdirilir, sonra 10 mm enində qolun üst hissəsindən yığmaqla eyni zamanda tikilir. Əsas astarın dirsək tikişi universal maşında istiliksaxlayan qatın astarına bəndlənir. Qolun yuxan kəsiyindən 120-150 mm aşağı hissədən başlayaraq qolun ağzından 80-100 mm yuxarıya qədər olan sahə tikilir. Qol elə çevrilir ki, əsas astar üst tərəfə düşsün.
Qolun ağzı əsas astardan kant alınmaqla 3-4 mm məsafədən tikilir. Əsas astarın yuxarı kəsiyi istiliksaxlayan qat astarının səviyyəsində olmalıdır. Qolun ağzında 10-15 mm məsafədə dirsək və qabaq hissənin tikişindən 5-7 mm aralı, qol astarını düymələmək üçün xüsusi maşında ilgək yeri açılır. Bu məqsədlə qolun astar tərəfindən ilgəyə müvafiq iki düymə tikilir. Qolun əsas astarını qol yerinə birləşdirməzdən əvvəl ara qatla sırınmış astar qol yerinə universal maşında birləşdirilir. Tikiş qol yeri kəsiyindən 5-7 mm aralı salınır.
Əsas qol astarını qol yerinə tikəndə çərtiklər bərabərləşdirilir və qolda yığma aparılır. İstiliksaxlayan qatın tikişi səliqəyə salınır və kəsiyi 7 mm içəri qatlanır. Sonra həmin yerdən 1 mm məsafədə qol yeri tikişini örtməklə işlənilir.
Araqatı olan astarın qabaq və arxa hissələrinin üz tərəfindən qol yeri tikişi 2-3 mm aralı salınmalıdır.
3.6.2. Tələbələr üçün fəaliyyətlər
|