• Geyimə düymələnən istiliksaxlayan astarın işlənilmə xüsusiyyətləri
Palto, yarımpalto və müxtəlif gödəkcələrdə geyimə düymələnən, istiliksaxlayan əlavə ara materialı (astarla) qollu və ya qolsuz hazırlanır. Bunlar yay və mövsümi geyimlər kimi işlənilir, yalnız bortaltının daxili kəsiyinin işlənilməsi və astarın geyimə birləşdirilməsi ilə fərqlənir.
Əlavə istiliksaxlayan ara materialı olan geyimlərdə daxili cibin ağzı bortaltı kəsiyinə paralel hazırlanır. Bortaltı qabaq hissəyə birləşdirilməzdən əvvəl onun çiyin və daxili kəsiyi 45° bucaq altında biçilmiş ensiz astarlıq parça ilə və ya xüsusi lentlə universal maşında, xüsusi haşiyələyici tərtibatın köməyi ilə işlənilir. Tərtibatsız işlənildikdə arğac sapı istiqamətində biçilmiş parçanın eni 50-55 mm olur. Ensiz parça bıçaqlı maşında 3-4 mm tikiş payı saxlanılmaqla tikilir. Sonra bortaltının tərs üzü tərəfə 4-5 mm kant almaqla qatlanır və üz tərəfdən tikişin kənarından bəndlənir.
Bortaltının haşiyələnmiş daxili kənarından 35-40 mm məsafədə ensiz parçanın daxili kəsiyi bortaltına bəndlənir. Tikiş ensiz parça tərəfdən salınır. Bortaltına ilgək yeri ülgü ilə qeyd edilir. İlgək xüsusi maşında ilməklənir. İlgək bortaltının kənarından 8-10 mm məsafədə açılır.
Düymələnən istiliksaxlayan qatın ilgəyi xüsusi lentdən və ya ensiz parçadan, ya da dəridən (çapmaqla) hazırlanır. Bu halda onlar bortaltının içəri tərəfindən ensiz parçanın daxili tikişinə qoyularaq bəndlənir.
İstiliksaxlayan qatı (astarı) geyimə basma düymə ilə düymələmək olar.
Bort işlənildikdə bortaltının daxili kənarı köklənir və astar geyimə yuxanda qeyd edildiyi kimi birləşdirilir. Astarın qabaq hissəsinin kəsiyi 25-30 mm enində bortaltının daxili kənarından 35 mm məsafədə salınmış tikişin altına düşməlidir. Bortaltı həmin astarın tikişi boyu baxyalanır. Bortaltını baxyalamazdan əvvəl astar bortun kənarından 80-100 mm məsafədə ətəklə birləşdirilir.
Palto, yarımpalto və gödəkcə üçün istiliksaxlayan qat kimi iki astar parça arasına sırınmış vatin, süni pambıq, süni və xüsusi istilik mühafizə edən parçadan istifadə edilir. İstiliksaxlayan qatı hazırladıqda onun üz tərəfi üçün astar parça götürülür.
İstiliksaxlayan qat qollu, qolsuz və bel yerindən 200-300 mm, yaxud geyimin ətəyindən 50-100 mm qısa olur. Geyimin arxa yamşağı və onun düymələnən istiliksaxlayan qatının uzunluğu geyimin ətəyindən 50-100 mm, qolu isə əsas qoldan 40-50 mm qısa olur. İstiliksaxlayan qat astarlı vatin, süni pambıq, sintepon və digər materiallardan hazırlanır. İstiliksaxlayan qat əsas astarı olmayan (astarla sırınmayan) parçaya tikişlə birləşdirilə bilər. Bu halda astarın calaqlan ilə arxa hissənin orta kəsiyi 10 mm enində birləşdirici tikişlə işlənilir və tikiş düzəldilir. Biçilmiş istilik qatı astarın üzərinə qoyulur,çoxiynəli xüsusi və ya universal maşında (sırıq tikişi arasındakı məsafə 100 mm olmaqla) astara sırınır. İstiliksaxlayan qat pambıqdan hazırlandığı halda sırıq tikişi arasındakı məsafə 50-60 mm götürülür.