Üz hissənin ətəyinin qatlanma payının kəsiyi haşiyələnən və astarının ətəyi üz hissə ilə birləşdirilən geyimlərə astar qoyulduqda, onun bort və yaxalıq oturacağı tərəfdəki kənarlarının birləşməsi, yan tikişlərin işlənilməsi və başqa əməliyyatlar astarının ətəyi üz hissə ilə birləşdirilməyən geyimlərdə olduğu kimidir.
Üz hissənin ətəyinin qatlanma payı köbə ilə haşiyələnən, astarının ətəyi üz hissəyə calanan geyimlərdə astar birləşdirildikdə astarın bort və yaxalıq araqatı materialı tərəfindəki tikişlərinin birləşdirilməsi, yan kəsiklərinin bəndlənməsi və başqa əməliyyatlar astarın ətəyi üz hissə ilə birləşməyən geyimlərdə olduğu kimidir.
Üz hissənin üzərinə astar qoyulduqdan sonra astarın ətəyi üz hissənin ətəyinin kəsiyinə bərabərləşdirilir, 10-12 mm tikiş payı və astarda boşluq əldə etmək üçün əlavə 10-15 mm (cəmi 20-27 mm) pay saxlamaqla artıq hissəsi kəsilir.
Astarın ətəyini üz hissə ilə birləşdirmək üçün onların içəri tərəfində qatlanma payı və nəzarət xətləri qeyd edilir. Ətəyin qatlanma payına köbə qoyulan geyimlərin ətəyinin qatlanma payı qaldırılır, astarın ətək kəsiyi onun içəri tərəfinə 8 mm qatlanır, üz hissənin tikiş payının içəri tərəfinə qoyulur və üz hissə ilə astarın nəzarət xətləri, tikişləri bərabərləşdirilərək astarın avand tərəfindən üz hissəyə tikilir. Tikiş astarın qatlanma kənarından 10 mm məsafədən elə salınır ki, geyimin ətəyindəki köbənin yanından keçsin (Şəkil 3.66) Bortaltının astarla birləşən tikişi araqatı materialına və yamşağın işlənilməsinin qatlanma payına, eləcə də haşiyələnmiş ətək (astarının arxa hissəsində saxlanılmış açıq yerdən) astarla üzə əl ilə 3 mm uzunluğunda gizli çəp tikişlə və ya xüsusi maşında basdırılır.
Ətəyin tikişi haşiyə tikişinin aşağı kəsiyinə uyğun gəldikdə, astar üz hissəyə ətəkdən 80-100 mm məsafədə, 50-60 mm uzunluğunda tikişlə əldə köklənir, yuxarıda göstərildiyi kimi haşiyənin tikişinə calanır, eyni zamanda astardan 10-15 mm əlavə pay saxlamaqla ətəyə tikilir.
Qabaq və arxa astar birləşdirildikdən sonra onların qol yeri orta tikişin açıq yerindən (astarla üz ətəyə birləşməyən halda) üz tərəfə çevrilir. Astar qol astarının qabaq və ya dirsək tikişinin açıq yerindən qol yerinə tikilir. Qol astarının qabaq tikişində açıq yerdən astarın qol yeri tikişinə, astarın dirsək tikişi isə geyimin dirsək tikişinə calanır. Qol astarının qabaq tikişlərinin açıq yeri üz tərəfdən içəri qatlanır və 1 -2 mm məsafədən tikilir.