Astarın 10 mm qatlanan yerini əl ilə xaçvari tikişlə və ya gizli tikişli xüsusi maşında da tikmək olar. İstilik saxlayan ara materialı olmayan geyimlərdə astar geyimin ətəyinə paralel qoyulur, qatlanma payı saxlanılır və artıq hissəsi kəsilir. Astarın ətəyi düzəldilir, içəri tərəfə qatlanaraq (qatlanma payı) onun kəsik tərəfi yenidən içəri qatlanıb, ziqzaq tikişli xüsusi maşında tikilir. Astarın ətəyinin küncləri, geyimin ətəyinin qatlanma payına və bortaltına əl ilə gizli tikişlə basdırılır.
Bortaltının içəri kəsiklərinin haşiyələnmiş olduğu geyimlərdə qol astarı geyimin astarının qol yerinə tikilir. Arxa hissə astarının orta kəsiyi tikilməmiş saxlanılır. Üz hissə içəri tərəfi yuxan olmaqla masanın üzərinə, onun üzərinə isə tərs tərəfi aşağıya olmaqla astar sərilir. Onların yan və çiyin kəsikləri bir-birinə uyğunlaşdırılır. Bortaltının içəri kənarı astar kəsiyindən 25-30 mm artıq çıxmalıdır. Bortaltının kənarı geri qatlanır, astarın bort kəsikləri bortun araqatı materialına, qış geyimlərində isə istilik saxlayan ara materialına əl ilə gizli tikişlə basdırılır, yaxud gizli tikişli xüsusi maşında tikilir. Döş ətrafı az boşluqla tikilir, döş cibi ağzının yanına tikilən parça bortun araqatı materialına bəndlənir. Bortaltının içəri kənarı astara köklənir və universal maşında haşiyə tikişi boyu tikilir. Eyni zamanda, bortaltının aşağı tərəfində geyimin ətəyinin qatlanma payının kənarı astar qoyulduqdan sonra üst hissəyə birləşdirilir. Astarın orta kəsikləri 10 mm enində tikişlə birləşdirilir. Astar yaxalıq ara materialının kənarına bəndlənir. Astarın birləşdirilməsinin bundan sonrakı əməliyyatları alt köbəsi haşiyələnməyən geyimlərdə olduğu kimidir.
Qolun alt tikişi yan tikişinə düz gələn geyimlərdə bu tikişlər tikilməzdən əvvəl astarın arxa hissəsindəki orta kəsik çiyin kəsiyi, qolun ortasında qalmış yer və qol yeri tikilir. Bundan sonra bortaltı ilə yaxalıq araqatı materialına calanır. Astarın bortaltına calanan tikişi bortun araqatı materialına, yaxalıq araqatı materialına calanan tikişi isə alt yaxalığın tikişinə bəndlənir.
Qolu qol yerinə birləşdirilən geyimlərdə astarın qol yerinin tikişi geyimin qol yeri tikişinə universal maşında, yaxud xüsusi tikiş maşınında, yəni tikişin hər iki tərəfindən 80-100 mm qalana kimi tikilir. Bundan sonra yan tikişlər (onların birinin arasına ətək saxlayan qoyulur) və qol astarının alt kəsiyi tikilir. Astarın sonrakı birləşdirilmə əməliyyatları adi qollu geyimlərdə olduğu kimidir. Astarın ətəyi geyimin ətəyinə birləşdirildikdə geyimi üz tərəfə çevirmək üçün astarın arxa hissəsinin orta kəsiyində 300-350 mm uzunluğunda yer tikilməmiş saxlanılır. Qolun ağzı qol astarının ağzına astar tərəfdən tikilir. Üst hissə ilə astarın yan tikişləri bir-birinə uyğunlaşdırılır. Arxa hissədə astar geniş alınarsa o, orta tikişin üzərinə qatlanıb 10 mm enində tikilir. Arxa ətək yamşaqlı olduqda astarda da yamşaq yeri kəsilir, onun yuxarı ucu 45° bucaq altında iki tərəfə çərtilir. Astarın yamşağın kənarının qatlanma payına calanmasını asanlaşdırmaq üçün onun yuxarı ucu ara materialı ilə birlikdə 20-25 mm çərtilir. Yamşağın kəsilmiş yerləri astarın yamşaq kəsiklərinə uyğun 7-10 mm enində tikişlə birləşdirilir. Astardakı çərtiklərin ucundan 1-2 mm qalana qədər tikiş davam etdirilir. Yamşağın qatlanma payı ara materialına iki üsulla birləşdirilir: yapışqan plyonka ilə presdə, gizli tikişli xüsusi maşında və ya əldə bəndlənir. Astar geyimin bortaltına və ətəyinin qatlanma payına birləşdirildikdə onun ətəkdə qatlanıb boş durması üçün az miqdarda boşluqlu tikilir. Bortaltının və yaxalıq oturacağının içəri tərəfi, cib astarı, yan tikişlərin bəndlənməsi, astarının ətəyinin üzünə birləşdirilməyən geyimdə olduğu qaydada icra edilir. Ətəyinin kənarı baxyasız olan geyimlərdə yamşağın yan tərəfləri gizli basdırma tikişlə əldə və ya maşında bəndlənir. Ətəyinin qatlanma payı enli olan geyimlərdə astarın ətəyi üz hissəyə birləşdirildikdən sonra qatlanma payının kəsiyi astarla birlikdə üz hissənin ətəyinə içəri tərəfdən gizli tikişli xüsusi maşında bəndlənir. Geyimin ətəyi ütüləndikdə astarının üzə qatlanma payı da düzəldilərək ütülənir (Şəkil 3. 65). Geyim arxa hissənin astarında açıq qoyulan yerdən üz tərəfə çevrilir.
Qol astarının qabaq və ya dirsək kəsiyinin açıq yerindən arxa hissə astarının açıq yeri tikilir. Bundan sonra qol astarının qabaq, yaxud dirsək tikişinin açıqyerindən astarın qol yeri tikişi üz hissənin qol yeri tikişinə bəndlənir. Sonrakı əməliyyatlar yuxarıda göstərilən qaydada yerinə yetirilir.