İstilik saxlayan ara materialının yaxalıq və qol yeri, ətək hissəsi kəsiklərdən 70-100 mm məsafədə bərabərləşdirilərək köklənir. Arxası yamşaqlı geyimlərdə üz hissənin yamşağı səviyyəsində istilik saxlayan ara materialı kəsilir və ondan 50-60 mm məsafədə bərabərləşdirilib köklənir. İstilik saxlayan ara materialı yaxalıq ilə alt yaxalığın birləşmə tikişinə universal maşında və ya gizli tikişli xüsusi maşında bəndlənir. İstilik saxlayan ara materialının qol yerləri uzun qol yeri kəsiklərinə düzəldilir, artığı kəsilir yə xüsusi maşında tikilir.
Astarın ətəyi üz hissəyə birləşdirilən geyimlərdə istilik saxlayan ara materialının ətəyi üz hissənin ətəyinin qatlanma payının altına (10-15 mm) keçirilməli, astarın ətəyi üz hissə ilə birləşdirilməyən geyimlərdə isə istilik saxlayan ara materialının ətəyi üz hissənin qatlanma payının kəsiyindən 20-30 mm qısa olmalıdır. Arxası yamşaqlı geyimlərdə istilik ara materialının kəsikləri yamşağın qatlanma payının altına qoyulur. Yamşaq kəsikləri ara materialına gizli tikişli xüsusi maşında bəndlənir.
• Astarın geyimə birləşdirilməsi
Üz hissənin və astarın çiyin tikişləri birləşdirilərək tikilməzdən əvvəl və ya tikildikdən sonra astar üz hissə ilə tutuşdurularaq yoxlanılır. Bunun üçün geyim (içəri tərəfi yuxarı olmaqla) masanın üstünə sərilir, üzərinə astar (üz tərəfi aşağıya olmaqla) qoyulur. Üz hissə ilə astarın yan və çiyin kəsikləri bir-birinə uyğunlaşdırılır.
Astarın döş hissəsində qabarıq yerlər səliqəyə salınır. Onun uzunluğu və eni nəzərdən keçirilir. Arxası yamşaqlı geyimlərin astarında yamşaq yeri kəsilir. Üzlə astarın bort və yamşaq kəsiklərində nişanlama xətləri tabaşirlənir. Qol astarının qol yerinə birləşdirilməsi üçün astarın qol yerində qeyd xətləri çəkilir.
Astarın ətəyi üz hissənin ətəyinə birləşdirilən geyimlərdə astarın ətəyi üz hissənin ətəyinin qatlanma xəttinə düzəldilir və artıq hissəsi kəsilir. Astarının ətəyi üz hissənin ətəyinə birləşdirilməyən geyimlərdə astarın ətəyi, astar üz hissə ilə birləşdirildikdən sonra kəsilir. Qolun astarını geyimə birləşdirmək üçün qol yeri tabaşirlə nişanlanır, qol boşluğa uyğunlaşdırılır və qol astarında boşluq əldə etməklə birləşdirilir. Astarının ətəyi üz hissə ilə birləşdirilməyən geyimlərdə də astarın qolu birləşdirildikdən sonra astar bortaltına (Şəkil 3.64, b) yaxalığın oturacağına astar tərəfdən 10 mm enində tikişlə calanır. Bu zaman astarın döş hissəsindəki qabarıq yerlər səliqə ilə düzəldilir. Astar ilə bortaltının tabaşirlə qeyd edilmiş xətləri bir-birinə düz gəlməlidir. Astar üz hissəyə sol bortaltı tərəfdən calanır.