• Astarsız geyimlərdə üst çiyinliyin işlənilməsi və geyimə birləşdirilməsi
Çiyinlik iki hissədən ibarətdir: alt və üst hissə. Üst hissə - dayaq, iki qatdan hazırlanır. Biri araqatı materialından, digəri isə əsas və ya astar parçadan hazırlanır. Çiyinliyin alt hissəsi əsas və ya astar parçadan biçilir.
Çiyinliyin əsas və ya astar parça hissələri 7-10 mm enində tikişlə işlənilir. Tikiş düzəldilir, ya da açılıb ütülənir. Araqatı materialının hissələri üst tikişlə işlənilir. Üst hissənin və oturacağın üz tərəfləri içəriyə olmaqla oturacaq tərəfdən 7 mm enində tikişlə alt parçada yığma əməliyyatı aparmaqla tikilir (Şəkil 3.62, d).
Çiyinliyin alt hissəsi oturacaqla birlikdə üz tərəfi içəri olmaqla qatlanır və 7 mm enində tikişlə oturacaq tərəfdən tikilir (Şəkil 3.62, e).
Ara materialı və çiyinliyin aşağı qatının arasına bir neçə lay vatin və ya süni mahlıc, yaxud buna bənzər başqa parça (toxunmayan parça), oval tərəfinin qalınlığı nazildilməklə qoyulur.
Çiyinlik alt hissə tərəfdən, üst layı qaldırmaq və oval kəsiyinə paralel olmaqla, 10-30 mm enində tikişlə sırınır. Axırıncı (içəridəki) sırıq oturacaq kəsiyindən 40-50 mm məsafədə çiyinliyin arasında yerləşdirilir (Şəkil 3.62, ə).
Üst hissə sırınmış hissənin üzərinə qatlanır və alt hissə tərəfdən oval kəsiyi boyu, ondan 10-15 mm aralı tikilir. Kəsiyin kənarı xüsusi maşında ilmələnir (Şəkil 3.62,f). Çiyinlik xüsusi presdə ütülənir və ona əyri forma verilir.
• Çiyinliyin geyimə birləşdirilməsi. Çiyinlik geyimin içəri tərəfindən elə qoyulur ki, onun kənarı qol yeri tikişindən 15-20 mm irəli çıxsın. Sonra o, xüsusi, yaxud universal maşında qol tərəfdən, çiyin tikişindən 60-70 mm qabaq hissəyə və 45-60 mm kürəyə tərəf tikilir. Çiyinliyin oval tərəfi çiyin tikişinə 6-7 tikişlə bəndlənir.
• İstilik saxlayan ara materialının üz hissəyə birləşdirilməsi
Üst geyimlərinə istilik saxlayan ara materialı birləşdirməzdən əvvəl üz və astar hissələr ütülənməlidir (bortun kənarı, yaxa, yaxalıq, ətək və s. )
İstilik saxlayan ara materialı geyimin bort kəsiklərinə, boyun yerinə, qol yerinə, yan tikişinə və ətəyinə birləşdirilir. Astarın ətəyi üz hissənin ətəyinə birləşdirilməyən geyimlərdə istilik saxlayan ara materialı astarın ətəyinə birləşdirilir (Şəkil 3.63). İstilik saxlayan ara materialı üz hissənin içəri tərəfinə qoyulur. Bu halda onun çiyin tikişi 10 mm artıq olub, bortaltının içəri kəsiyinin altına 20-25 mm keçməli, yan tikişlər isə üz hissənin yan tikişindən 20 mm aralı olmalıdır. İstilik saxlayan ara materialı üz hissə ilə yoxlanılaraq dəqiqləşdirilir, artıq hissə kəsilir və onun kəsikləri bortun araqatı materialına gizli tikişli 285 sinifli xüsusi maşında basdırılır. Tikiş istilik saxlayan ara materialının kəsiklərindən 10-15 mm aralı salınaraq, onun döş hissəsindəki qabarıq yerlər səliqəyə salınıb tikilir. Astarın ətəyi üz hissəyə birləşdirildikdə bortun araqatı materialı istilik saxlayan ara materialına ziqzaq tikişli və ya gizli tikişli xüsusi maşında birləşdirilir.
İstilik saxlayan ara materialının yan tikişləri üz hissənin yan tikişinə universal maşında və ya gizli tikişli xüsusi maşında (arxa hissə tərəfdən) bəndlənir. Tikiş qol yerindən 80-100 sm aşağıdan başlayıb bel xəttindən 200-250 mm aşağıya qədər davam etdirilir. Bədənə kip yatan və ya klyoş formalı geyimlərdə yan tikişlər bel xəttinə yalnız qoltuq sahəsində bəndlənir.
Məktəbəqədər yaşlı uşaqların geyimlərində istilik saxlayan ara materialının yan tikişlərinə arxa hissə tərəfdən, çiyin tikişində isə qabaq hissə tərəfdən bəndlənir. Bu zaman arxa hissədə konstruksiyaya müvafiq olaraq boşluq əldə edilməlidir. Tikiş payı isə astar tərəfə yatmış olmalıdır. Tikişlərin eni istilik saxlayan ara materialı pambıqdan olduqda 15 mm, vatindən olduqda 10 mm, porolondan olduqda isə 3-4 mm olur. İstilik saxlayan ara materialının yan tikişlərini onun üz hissəyə birləşdirilməsindən əvvəl tikmək olar. Bu halda, əvvəl üz hissənin yan tikişləri onun qabaq hissədəki tikiş payı tərəfdən istilik saxlayan ara materialına universal və yaxud gizli tikişli xüsusi maşında bəndlənir.