Qoyma çiyinlik geyimin kürək hissəsində qol yeri kəsiyinə universal maşında (çərtiklərə görə 3-5 mm enində tikişlə), arxa çiyinlik üz hissəyə çiyinliklə, eyni zamanda, qol yerinin icrası zamanı xüsusi maşında, çiyinliyin yuxarı tərəfi isə çiyin tikişinə universal maşında bəndlənir.
• Çiyinliyin hazırlanması. Kətan, bort parçasından, ya da toxunmayan parçadan (flizelin, porolon, proklamelin) olan çiyinliyin üst və alt hissəsinin arasına (konstruksiyadan asılı olaraq) bir neçə lay vatin və ya süni mahlıc, yaxud buna bənzər toxunmayan parça qoyulur. Onun oval tərəfinin qalınlığı tədricən nazildilərək boyun xəttinə tərəf yox edilir.
Çiyinlik alt hissə tərəfdən ziq-zaq tikişli xüsusi maşında və ya universal maşında boş tikişlə, oval kəsiyinə paralel olmaqla, ara məsafələri 10-30 mm olan tikişlə sırınır. Üst çiyinlik həm toxunmayan parçadan tikilməklə, həm də porolon qatlı xüsusi forması (qəlibi) olan presdə hazırlanır.
Çiyinlik xüsusi presdə ütülənir və oval formaya salınır. Əgər çiyinliyin sırınma tikişi geyimin kürək hissəsində üst tərəfdən müşahidə olunarsa, onda onun üzərinə əlavə parça qatı, yaxud toxunmayan parça qoyulur (Şəkil 3.62, b). Parça çiyinliyə yapışqan saplarla, nəmlənib-isidilmə əməliyyatı zamanı birləşdirilir. O, çiyinliyə xüsusi, yaxud universal maşında içəri kəsiyindən 5-7 mm məsafədə 30-50 mm uzunluqda bəndlənir.
Geyimlərdə astarın qol yerini üz hissənin qol yerinə birləşdirdikdə parçadan istifadə edilir. Parça 40-50 mm enində üst çiyinliyin üzərinə (Şəkil 3.62, c) astar yatan tərəfə elə qoyulur ki, onun bəndlənməyən kənar ucu çiyinliyin kəsiyindən 10-20 mm kənara çıxsın.
• Üst çiyinliyin geyimə birləşdirilməsi
Üst çiyinlik qol yerinə 65 sinifli xüsusi maşında birləşdirilir. Tikiş qol tərəfdən, qolun tikilmə tikişindən 1 mm aralı bəndlənir (kəsiyin tikişinə tərəf). Çiyinliyin ortası geyimin çiyninə uyğunlaşdırılır.
Modeldə nəzərdə tutulduqda, qol dairəsinin yuxarı hissəsinin altlığından (Şəkil 3.62, ç) istifadə edilir. Qol dairəsinin yuxarı hissəsinin altlığı vatindən, geyimin konstruksiyasına müvafiq olarsa süni mahlıcdan və s. hazırlanır. Qol dairəsinin yuxarı hissəsinin altlığı geyimin qol yeri tikişinə (qolun qol dairəsinin yuxarı hissəsinin xətti boyu) ikiyə qatlanmış halda və ya açıq, xüsusi, yaxud universal maşında qol tərəfdən tikilir. Onu üst çiyinliklə birlikdə tikmək məsləhətdir.