Astar bel yerinə qədər olduqda onun ətək kəsiyi içəri qatlanır və həmin qatdan 1 mm məsafədə kəsik qapalı qatlama tikişi ilə işlənilir. Qatlanma payının eni modelə müvafiq olaraq müəyyənləşdirilir.
Astarın ətəyi paltarın ətəyinə birləşdirilmədikdə, onun yan kəsikləri və arxa hissənin orta kəsiyi xüsusi bərkidici-ilməkləyici maşında işlənilir.
Döş cibləri olmayan geyimlərdə arxa hissədə astarın ortasına boyun kəsiyindən 20-25 mm məsafədə fabrik markası tikilir. Qol astarı da astarın qol yerinə (onların çərtik qeydləri düzəldilməklə) universal maşında tikilir. Qabaq və arxa hissələrin çiyin kəsikləri 10 mm enində qabaq hissə tərəfdən, arxa hissənin çiyin kəsiyinin ortasında yığma almaqla bərkidici tikişlə işlənilir. Bu halda boyun kəsikləri bərabərləşdirilir.
• İstilik saxlayan ara materialının işlənilməsi
İqlim zonalarına müvafiq olaraq qış geyimlərinə əlavə istilik saxlayan ara materialı qoyulur. İstilik saxlayan ara materialı kimi pambıq, vatin, süni pambıq və penopoliuretandan istifadə edilir. Yenə də iqlim zonasından asılı olaraq, geyimin döşünə və kürəyinə (omba xəttinə qədər) istilik saxlayan ara materialı kimi 1,5-2,5 lay vatin qoyulur.
İstilik saxlayan ara materialının calağı və hissələri 10 mm enində yapışdırıcı tikişlə universal maşında birləşdirilir.
Qarsaq (yığma) isə 7 mm enində elə işlənilir ki, onun sonunda tikişin eni görünməsin. Vatin layları bir-birinə qabaq hissənin bortu boyu, qabaq və arxa hissənin çiyin və yan kəsiklərinə bıçaqlı universal maşında sırınır. Pambıqdan istilik saxlayan ara materialı hazırlamaq üçün pambıq lay cunanın arasına döşənir. İstilik saxlayan ara materialının yuxan hissəsindəki (boyun yerindən 20 mm aşağıya qədər) pambıq lay aşağı hissəyə nisbətən daha qalın olur. Məktəbəqədər yaşlı uşaqların geyimlərində istilik saxlayan pambıq layı eyni qalınlıqda götürülür. İstilik saxlayan ara materialı çoxiynəli və yaxud universal maşında uzununa istiqamətdə, ara məsafələri 50-60 mm olan tikişlə, yaxud çoxiynəli zəncirvari tikişli maşınında (sırığın arası 100 mm) sırınır (universal maşında birinci tikiş hissələrin ortasından salınır).
İstilik saxlayan ara materialı 10 laydan ibarət dəst halında yığılır, onun üzərinə ülgü qoyulur və səyyar biçici maşınla biçilir. Qeyd xətlərində yığma yerləri kəsilir. Bort, çiyin və yan kəsiklərdən 20-30 mm məsafədə pambıq çıxarılaraq nazildilir. Vatin cunaya çəkilmiş və yaxud da cunasız hazırlanır. Vatin cunasız olduqda, əvvəlcə onun tüklü üzünə cunadan əlavə qat çəkilir, bir-birindən 70-80 mm aralı sırınır və ülgü qoyularaq artıq hissələri kəsilir. Penopoliuretan istilik saxlayan ara materialı gövdə hissəsində ikilaylı, ətək hissəsində isə birlaylı hazırlanır. Geyimin qabaq hissəsindəki ikinci lay istilik saxlayan ara materialı elə qoyulmalıdır ki, bortun kəsiyinə 10-15 mm qalmış qurtarsın. Bu səbəbdən də istilik ara materialı müəyyən qədər nazildilir, əsas lay ilə ikinci lay (bort kəsiyindən 10 mm aralı), eləcə də çiyin və yan kəsiklər universal maşında 3-4 mm enində bir-birinə sırınır. İkinci penopoliuretan layı və tikişlər geyimin astarı tərəfdə olmalıdır. Bu halda maşının dabanındakı təzyiq tənzimlənməlidir. Hal-hazırda müxtəlif üsullar və naxışlarla sırınmış cürbəcür çeşidli yeni istilik saxlayan ara materialları istehsal edilir.
Qadın qış və mövsümi paltolarında astarın hazırlanması unifikasiya edilmişdir. Burada fərq ondadır ki, istilik saxlayan ara materialında qabaq və arxa hissələrin yan kəsikləri, arxa hissənin orta kəsiyi ilməklənmədən bərkidici tikişlə işlənir.
• Çiyinliyin və çiyin altlığının işlənilməsi
Geyimin xarici görünüşünü yaxşılaşdırmaq, çiyin sahəsinə lazımi forma vermək, alınmış formanı istismar zamanı saxlamaq üçün yüngül parçadan olan geyimlərə bezdən, parçadan və parça olmayan materialdan yumşaq; kostyumluq və paltoluq parçadan olan geyimlərə isə bərk çiyinlik qatından istifadə edilir. Bundan başqa, üst çiyinlikdən, çiyin altlığından və arxa çiyinlikdən də istifadə edilir (istilik saxlayan ara materialını və astar üzlə birləşdirməzdən əvvəl) və qol yerinə tikilir.
Hal-hazırda çiyinlik qatı hazırlamaq üçün iynə ilə deşib-keçirmə üsulundan istifadə edilir. Belə ki, maşındakı iynənin ucu müxtəlif diş-diş və qarmaq formasında hazırlanmışdır. İynə çiyinlik qatını (vatin, parça, porolon və s. qat) deşəndə özü ilə ayrı-ayrı lifləri də qatdan keçirir və çiyinlik qatlarını bir-birinə birləşdirir.