Qol yerində nişanlama, kökləmə (kişi paltosunda) yalnız qol yerinin aşağı hissəsində (dirsək kəsiyindən qolun qabaq kəsiyinə qədər) astar tərəfdən aparılır. Bunun üçün “Pfaff ’ firmasının silindr formalı platforması, məkik toxunmalı tikişi, parça aparan alt tamasası və tikiş boyu iynəni sapdıamasd mexanizmi olan 341 sinifli maşınından istifadə edilir.
Qolu qol yerinə oval tikişlə birləşdirdikdə qol yerində parçada nəzərdə tutulan yığma sahələri Şəkil 3.61 göstərilən kimi bölüşdürülür.
• Astarın işlənilməsi
Astardan əsasən geyimin istismar müddətini artırmaq və estetik görünüşünü yaxşılaşdırmaq üçün istifadə edilir. O, gigiyena cəhətdən, rəngin davamlılığına və hava-nəm ötürmə qabiliyyətinə görə nəzərdə tutulan mövcud tələblərə cavab verməlidir. Astarın rəngi və strukturu əsas parçaya münasib olmalıdır. Astar geyimin istismarı zamanı və hərəkət müddətində görünüş etibarı ilə insana müsbət təsir bağışlamalıdır.
Astarın işlənilməsi geyimin konstruksiyasından və çeşidindən, onun biçimindən (geyimin oval tikişli, reqlan və ya bütöv biçimli), siluet formasından (geyimin bədənə yatma dərəcəsi) və konstruksiyasından (qabaq və arxa hissələrin yan, orta, yançaqlı və s. ) astarın üst hissə ilə birləşmə-sindən asılıdır. Onun hazırlanmasına asqının, ətək saxlayanın, çiyinliyin və istilik saxlayan ara materialının işlənilməsi daxildir. Astar əsasən bu ardıcıllıqla işlənilir:
• əvvəlcə asqı və ətək saxlayan hazırlanır. Ensiz parçanın kənarı hər iki tərəfdən 7 mm enində içəriyə qatlanaraq üst-üstə qoyulur və elə bərabərləşdirilir ki, asqının eni hazır halda 7 mm olsun. Tikiş asqının ortasından salınır. Asqı üçün xüsusi lentdən istifadə etmək daha faydalı hesab olunur;
• ətək saxlayanı hazırlayanda astar parça iki qatlanır, 7-10 mm enində çevrilən tikişlə birləşdirilir, xüsusi alətlə çevrilir və iki qatlanır. Bükülən yerdə ona üçbucaq formada 5-7 mm enində bənd vurulur, düymə üçün ilgək hazırlanır. Bəndləmə tikişinin biri üçbucağın oturacağında, digəri isə ondan 15-20 mm aralı eninə istiqamətdə salınır və ütülənir.
Astarın yan xıştəkli yığmaları qol yerindən başlayıb bel yerinə qədər 10 mm enində tikilir. Tikiş bel xəttindən başlayıb aşağıya getdikcə ensizləşdirilir və yığmanın sonunda 15-20 mm keçdikdə yox edilir. Qarsaqsız yığmalar qeyd xətlərində bərabərləşdirilərək tikilir. Sonra astarın yan və çiyin, qolun dirsək və qabaq, nəhayət arxa hissənin orta kəsikləri boyun yerindən başlayaraq 10 mm enində sağ tərəfdən işlənilir. Geyimin astarının ətəyi üz hissə ilə birləşdirilməli olduqda, qolun qabaq və ya dirsək kəsiklərini tikdikdə, onların orta hissəsində 200-250 mm uzunluğunda yer tikilməmiş saxlanılır. İşlənilmiş qol astarı geyimin qol yerinə tikiş maşınında birləşdiriləndə saxlanılan tikilməmiş hissədən istifadə edilir. Döş cibin küncündən (qol yeri tərəfdə) cib altlığı da həmin tikişlə bəndlənir. Geyim çiyinliksiz işlənildikdə astarın qol yeri üz hissənin qol yerinə birləşdirilir. Bundan başqa, arxa hissənin orta kəsiyini tikərkən onun mərkəz hissəsində 300-350 mm uzunluğunda yer tikilməmiş saxlanılır. Bu açıqlıq isə geyimi üz tərəfə çevirmək üçün lazımdır.
Ətək saxlayanın (qadın palto və plaşlarında) ucu yan kəsiyin və ya qol yerinin tikişinə qoyularaq tikilir. Asqının ucları boyun yerinə elə bəndlənir ki, mərkəz tikişin hər iki tərəfində uzunluq eyni (30-35 mm) alınsın.