Yamşağın kəsikləri 5 mm enində çevrilən tikişlə qol ağzının qatlanma payı xəttinə 7 mm məsafə qalana kimi işlənilir. Qolun ağzında yamşaq “Pfaff’ firmasının 3337-334 sinifli yarımavtomatı ilə işlənir. Qolun alt hissəsində yamşaq tikişinin yuxarı və aşağı künclərində 1-2 mm enində tikiş payı saxlanır və artığı kəsilir. Sonra qolun üst və alt hissəsində yamşağın küncləri düzəldilir. Yaşmaq qolun üst hissəsi tərəfə qatlanıb ütüləndikdə qolun ağzının qatlanma payı yenidən qatlanıb ütülənir. Qolun üst və alt hissəsindəki yamşağın küncləri qol ağzının qatlanma payı xətti səviyyəsinə bərabərləşdirilir və həmin qatlanma payı tərəfdən 1597 sinifli maşınla 7-10 mm bəndlənir. Qollar açıq yamşaqlı işləndikdə (Şəkil 3.58. b, c) üst və alt hissələrin dirsək kəsikləri yamşağın 2/3 hissəsinə qədər 10 mm enində bərkidici tikişlə (tikiş - 1) tikilir, yamşağın küncləri işlənir, sonra köməkçi ülgü ilə qolun üst hissəsində yamşağın və qolun ağzında qatlanma payı müəyyənləşdirilir və çevrilən tikişlə tikilir (tikiş - 2). Tikişin sonu 2 yamşağın və qol ağzının qatlanma xəttinin kəsişən nöqtəsinə düşməlidir (yəni dirsək kəsiyinin tikiş xəttinin davamı olmalıdır). Bərkidici tikiş universal maşında və ya 820-5 sinif tipli yarımavtomatda icra edilir. Qol ağzının qatlanma payı üz tərəfə qatlanır, yamşağın küncləri 5 mm enində çevrilən tikişlə işlənir (tikiş - 3). Yamşağın qol ağzındakı küncləri üz tərəfə çevrilib düzəldilir. Dirsək tikişi açılaraq, yamşaq isə qolun üst hissəsi tərəfə qatlanaraq ütülənir. Qolun ağzının dirsək tikişinin üstündəki yer tikilir və sonra ütülənir. Daha sonra yamşağın qatlanma payı tərəfdən iki irəli-geri tikişlə, qatlanma payından 7-10 mm uzunluğunda bəndlənir (Şəkil 3.58, c, tikiş - 4).
Yamşağın tikiş payı (açıq yamşaqlı və yamşağı çevrilən tikişli qolda olduqda da) qolun ara materialına gizli tikişli maşında, əl ilə basdırma tikişi ilə və ya yapışqan plyonka qoyulub birləşdirilir.
• Astarın qola birləşdirilməsi
Qol ağzının qatlanma payı qeyd edilmiş xətt boyu qatlanır, əllə və yaxud da xüsusi maşında qatlanma xəttindən 10-15 mm məsafədə köklənərək ütülənir. Qol və astarın dirsək tikişləri, qol ağzının kəsikləri bir-birinə uyğunlaşdırılır. Astar qolunun qatlanma payı, astar tərəfdən üst qolun qatlanma payına 7-10 mm enində tikişlə birləşdirilir. Tikiş dirsək kəsiyinə 20-30 mm qalmış dayandırılır.