Penopoliuretan qatı iqlim şəraitinə və üst parçanın qalınlığına görə 3-5 mm qalınlığında biçilir. Qol astarının yuxarı hissəsinə ikiqat penopoliuretan qoyulur, həm də qolun ağız hissəsində ikinci qat birinci qatdan 80-100 mm qısa olur. Hissələrin kənarı bir-birinə tikildikdə artıqlar kəsilib atılır. Qabaq və dirsək tikişləri universal maşında bərkidici tikişlə bəndlənir. Hazır istilik saxlayan ara materialının üstünə qolun astarı qoyulur, astar tərəfdən qabaq tikiş yenidən yuxarı kəsiyə 100-120 mm qalana qədər bərkidici tikişlə işlənir. Astar ipək parçadan olduqda, istilik saxlayan material qol ağzı kəsiyindən 7 mm aralı birləşdirilir (Şəkil 3.56, a). Astarın dirsək kəsikləri qolun yuxarısından başlamaqla 120-150 mm uzununda, 10 mm enində tikişlə icra edilir. İstilik saxlayan astar, qolların dirsək kəsikləri də qolun yuxarısında 100-120 mm uzunluğunda astara birləşdirilmədən ayrıca işlənir. Sonra istilik saxlayan material ilə astar birlikdə, onların üst hissəsində yığma əldə etməklə 10 mm enində tikişlə tikilir. Qalın olmaması üçün tikişdəki pambıq qismən çıxarılır. İstilik saxlayan materialın qolun ağzına birləşmə üsulları Şəkil 3.56-də (a, b, c) göstərilmişdir.
• Qolun işlənilməsi
İkitikişli qollarda qolun əsas parçası və astarın dirsək kəsiyi ikisaplı zəncirvari toxunmalı 3517 sinifli maşında bərkidici tikişlə işlənir. Maşının parça aparan (alt və üst) iki tamasası və ayrıcı, iki birləşən hissənin arasına keçirilməklə yığmanın miqdarını tənzimləyən lövhəsi vardır. Qolun konturunu saxlamaq məqsədi ilə əsas parçadan olan qolun (sağ və sol) hər ikisində bərkidici tikiş qolun çiyin kəsiyindən başlayaraq, üst hissədən birləşdirilir. Eyni zamanda, qolun yamşağı da tikilir. Qol astarı qolun ağzından başlayaraq qolun alt hissəsi tərəfdən tikilir. Üst qolun qabaq kəsikləri üst hissədən, alt hissənin çərtikləri arasında 3-5 mm yığmaqla, 10 mm enində tikilir. Qolun parçası qalın olub, dirsək tikişinin üstündən baxya tikişi vurulmalı olarsa, qolun qabaq kəsiyi qolun ağzından 100-120 mm uzunluğunda tikilir. Onun qalan hissəsi dirsək tikişinin üstündən baxya vurulduqdan sonra tikilir. Modelə müvafiq olaraq qolda kəmərcik, nəzərdə tutulmuşdursa, qabaq kəsik çərtiklərlə müəyyən edilmiş yerə qoyulub tikilir.
Qolun qabaq tikişi açılıb ütülənir, eyni zamanda üst hissəsinin alt hissəyə ötən qismi (yəni, tikiş xəttindən 30-40 mm enində) dartılaraq uzadılıb ütülənir. Bu əməliyyat ütü, PLPU 1-02+RPŞ+UP-l markalı pres və ya “Vestra” firmasının “Test” ARVS tipli xıisusi yastığı və ütüsü olan presində yerinə yetirilir. Eyni zamanda, üst qolun arxa tərəfinin çiyin sahəsindəki kəsiyinə möhkəmlik və həcm vermək üçün yapışqanlı araqatı qoyulur (Şəkil 3.57, a, b).
Qolun çiyin sahəsinə çiyin altlığını “Pfaff’ firmasının 3801 sinifli maşını ilə calayanda, eyni zamanda, həm də yığma aparılır (Şəkil 3.57, c). Maşında yığmanı tənzimləyən qurğu vardır. Dirsək kəsiyi bərkidici tikişlə işləndikdən sonra qolun astarının ağzı üst qolun qatlanma payına calanır. Qol ağzının qatlanma payı ütülənib qatlanır. Üst qolun qabaq kəsiyi qol astarının qabaq kəsiyi ilə eyni vaxtda “Pfaff’ firmasının ikisaplı zəncirvari toxunmalı 5487 sinifli maşınında tikilir. Qolun qabaq kəsiyi, dirsək kəsiyi və yamşağı (əgər modeldə nəzərdə tutulmuşdursa) işlədikdən sonra da tikmək olar. Bu halda, qolu astarla işlədikdə astarın qabaq tikişi qolun qabaq tikişinə uyğun gəlməlidir.