• Qolun işlənilməsi və geyimə birləşdirilməsi
Üst geyimlərdə qollar müxtəlif konstruksiyalarda hazırlanır: birtikişli, ikitikişli, üçtikişli, reqlan, bütöv (qabaq və arxa hissə ilə birlikdə), qarışıq (arxa hissə ilə birlikdə qabaq hissədən ayrı) biçilən qol. Qollar modeldə nəzərdə tutulan konstruktiv tələblərə cavab verməlidir. Qol ağzının işlənilməsinə görə qollar (öz parçasından və ya xəzdən) manjetli, manjetsiz, yamşaqlı, yamşaqsız, naxışlı, büzməli və digər formalarda hazırlanır. Üst geyimlərdə (pencək, jaket, plaş, mövsümi palto) qol astarlı hazırlanır. Qış geyimlərində isə ona əlavə istilik saxlayan ara materialı da qoyulur. Üst geyimlərdə qol (oval tikişli qollarda) qol yerinə əsasən sonradan birləşdirilir.
Qolun işlənilmə ardıcıllığı materialdan və onun konstruksiyasından asılıdır. Bununla belə, qol iki mərhələdə işlənilir: qolun hazırlanması və qol yerinə birləşdirilməsi. Qolun hazırlanması dedikdə, onun qol astarı və istilik saxlayan ara materialı ilə hazırlanması, qol ağzının hazırlanması, eləcə də qol astarının qola birləşdirilməsi nəzərdə tutulur.
• Qol astarının və istilik saxlayan ara materialının hazırlanması
Qol astarında qarsaqsız yığma (və ya onsuz) və calaq parçaya qənaət məqsədilə nəzərdə tutulmuşdursa, o, qabaq və dirsək kəsiklərini birləşdirməzdən əvvəl tikilir. Calaq qol astarına calaq tərəfdən 7 mm enində tikilir. Qabaq kəsik üst tərəfdən çərtikləri bərabərləşdirilməklə dirsək xətti sahəsində alt hissəni 3-4 mm yığmaqla (10 mm enində) bərkidici tikişlə işlənilir. Qol astarı qol yerinə qabaq kəsikdən birləşdirildikdə qabaq kəsiyin ortasında 150-200 mm məsafədə tikilməmiş yer saxlanır. Astarın dirsək kəsiyi ilə alt hissə tərəfdən çərtikləri bərabərləşdirilib üst hissənin dirsək xətti sahəsində (konstruksiyaya müvafiq) yığmaqla, 10 mm enində tikilir. Körpə və məktəbəqədər yaşlı uşaq geyimlərində isə astarın dirsək kəsikləri, həm də qabaq kəsiklər yalnız yuxarı kəsikdən başlayaraq 80-100 mm uzunluğunda tikilir. Qolun dirsək tikişi açıq saxlandıqda və ya qol düymələnən manjetlə calandıqda qol astarının dirsək tikişi yuxan kəsikdən başlayaraq nəzarət çərtiyinə qədər tikilir, yəni qolun ağzına 80-90 mm qaldıqda tikiş dayandırılır. Qol astarının dirsək kəsiyini qolun ağzına astar tikildikdən sonra qolun üst dirsək tikişi ilə birlikdə də tikmək olar.
Qolların istilik saxlayan ara materialı əsasən, geyimin istilik saxlayan materialından (pambıq, vatin və ya penopoli uretandan) olur. İstilik saxlayan pambıq iki qat cunanın arasına döşənir. Qolun yuxan hissəsində pambıq aşağı hissəyə nisbətən qalın olur. Pambıq döşənmiş cuna çoxiynəli və ya universal maşında bir-birindən 50-60 mm aralı tikişlə sırınır. Hazır istilik saxlayan pambıq ara materialı dəst halında (10 ədəd) biçim maşınında dəqiqləşdirilir və artığı kəsilir. İstilik saxlayan ara materialı vatindən olduqda qolun yuxan hissəsinə 1,5 və 2,5 qatlı, qolun ağız tərəfinə isə birqatlı istilik saxlayan material qoyulur. Qolun yuxarı hissəsinin ikinci qatındakı vatin qolun ağız tərəfindəkinə nisbətən 100-120 mm qısa olur.
Vatin qatı calaqlı olduqda o, universal maşında yapışdırıcı tikişlə birləşdirilir. Modelin texniki təsvirinə uyğun olaraq istilik saxlayan ara materialı hər iki tərəfinə, yaxud bir tərəfinə cuna qoyularaq çoxiynəli və ya universal maşında bir-birindən 70-80 mm aralı tikişlə sırınır.