Əgər bortaltı ilə yaxalıq bütöv biçilmişdirsə, borta kromka qoyulduqdan sonra çiyin və yan kəsikləri tikilir. Hazırlanmış alt yaxalıq 10 mm enində tikişlə yaxalıq yerinə birləşdirilir. Sonra tikiş ütülənərək açılır. Üst yaxalıq ilə bortaltı üzüaşağı olmaqla, qabaq hissəyə üzü üstə qoyulur və yaxalıqla bortaltı bir vaxtda qabaq hissəyə köklənir. Üst yaxanın ucları və bortun ətək hissəsi ülgü ilə tabaşirlənir. Bortlarla yaxalıq eyni zamanda çevrilən tikişlə işlənilir, sonra isə tikiş açılıb ütülənir. Bu əməliyyat ütü və ya xüsusi yastığı olan preslərdə yerinə yetirilir. Daha sonra bortun və yaxalığın işlənilməsi yuxarıda göstərilən qaydada davam etdirilir.
Yaxalığı üst tikişilə yaxalıq yerinə birləşdirdikdə (Şəkil 3.55) əvvəlcə üst yaxalıq oturacağın kəsiyinə uyğunlaşdırılır, üst yaxalığın ortasının 15-20 mm-dən başlayaraq, yaxa ilə yaxalığı birləşdirən tikiş tərəfdən 5 mm-ə qədər saxlanan qatlanma payı və tikiş payı dəqiqləşdirilir, sonra isə artıq parça kəsilir. Yaxalığın boyun yerində düzgün oturması üçün alt yaxalıqda nəzarət xətləri tabaşirlənir, üst yaxalıqda isə çərtiklər çəkilir. Bortaltını yaxa ilə yaxalığın birləşmə xətlərinə və yaxalıq yerində alt yaxalığa birləşdirmək üçün basdırma tikiş xətti müəyyənləşdirilir.
Kürəyin içərisində onun yaxalıq yeri boyunca 20-30 mm enində kolenkor parça qoyulur. Bu, həm tikişin möhkəmliyi, həm də həmin kəsiyin uzanması üçündür. Kolenkor qatı kürəyin boyun yerinə universal maşında tikilir və yaxud kromka ütü ilə birləşdirilir. Onu presdə yapışqan tozu və yaxud yapışqan plyonka ilə yapışdırmaq olar. Yaxa ilə yaxalığın birləşən kəsiyi 8-10 mm enində tikişlə birləşdirildikdən sonra tikiş açılır və ütülənir. Yaxalıq yerinin üstünə alt yaxalıq tərsinə qoyulur, onlar bortun araqatı materialı ilə birlikdə əvvəlcə köklənir və ya köklənmədən ziq-zaq tikişli xüsusi maşında tikilir.