Əgər müxtəlif rəngli kvadratlar kəsilərsə, geyimin çiyin hissələrinə də bəzək kimi tikmək olar. Belə dekordan istifadə edərkən rəng tonlarının uyğunluğundan istifadə etmək məqsədəuyğundur. Kvadratları bir-birinə yaxın tikib geyimin çiyin hissəsini bəzədikdə bu zaman vizual olaraq geyimin çiyinləri böyüyür. Ona görə də dekoru fikirləşdikdə onun geyimdə vizual görünüşünü də nəzərə almaq lazımdır.
Dəridən olan applikasiya geyimdə çox gözəl görünən bəzək elementidir (Şəkil 3.17).
Belə ki, dəridən olan applikasiyalar parça üzərində çox gözəl və cəlbedici görünür. Lakin bütün parçalar dəridən olan applikasiya üçün yararlı deyil. Bunun üçün qalın, şax parça seçilməlidir ki, o dərinin ağırlığını saxlaya bilsin. Bu kimi parçalara qabardin, fetr və qalın drap aid edilə bilər. Əgər applikasiya yüngül parça üzərində, məsələn: köynəkdə hazırlanarsa, xırda dəri elementlərindən istifadə etmək lazımdır (4 sm-dan böyük olmayan). Dəridən hazırlanan applikasiyalar müxtəlif formalarla hazırlana bilər. Bunlar müxtəlif ornament elementlər, həndəsi fiqur, rənglərin dəyərləndirilməsi və s. ola bilər.
İşə başlamazdan əvvəl applikasiyanın kartondan və ya kağızdan kəsilmiş ülgüləri hazırlanmalıdır. Dəridə rəng uyğunluğu yüksək keyfiyyət göstəricisidir. Dəridən applikasiya hazırladıqda dəri hissələrini parça üzərinə yapışqanla və ya tikmək üsulu ilə işləmək olar. Applikasiyanın tikmək üsulundan istifadə edərkən sap seçimi müxtəlifdir. Belə ki, həm dəri rəngində, həm də fərqli rəngli saplardan istifadə etmək olar. Fərqli sap dəridə dekor rolunu oynayacaq.
Geyimdə yalnız dəridən dekor-bəzək elementləri deyil, həmçinin parçadan da bir çox bəzək elementləri hazırlamaq olar: güllər, applikasiyalar və sair.