Trikotaj və toxunma parçalardan olan geyimlərə muncuqlu tikməni birbaşa geyimin üzərində yerinə yetirmək olar. Bəzək üçün muncuqları nömrə və çeşidlərinə görə düzgün seçmək lazımdır. Belə ki, muncuqların ölçüləri nömrələrinin artan sırası ilə kiçilir, məsələn: 11 №-li muncuq 8 №-li muncuqdan kiçikdir.
Muncuqlar, əsasən, plastmas və şüşədən hazırlanaraq görünüşünə görə bir-birindən fərqlənirlər: plastmas, steklyarus (şüşə muncuq), xırda şüşə muncuq, şarlotka, delika, poni, berri, drops, tvin və sair (Şəkil 3.8).
Donda, köynəkdə və başqa geyimlərdə (Şəkil 3.9) muncuqla tikmə ikiqat sapla icra edilir. Tikmə üçün kətan-lavsan, pambıq-lavsan və kapron saplardan istifadə edilir. Sapın rəngi muncuğun rəngindən asılı olmayaraq, geyimin rənginə uyğun olmalıdır. Əgər tikmə böyük ölçülüdürsə, onu sintetik kanva üzərində hazırlamaq lazımdır. Belə ki, tikməni başa çatdırdıqdan sonra kanvanın saplarını dartmaqla onu geyimdən sökmək olar. Tikmə üçün iynələr çox nazik götürülməlidir ki, iynənin gözü muncuqların dəliyindən keçə bilsin. Muncuqlarla yanaşı, geyimi bahalı daş-qaşlarla da bəzəmək olar: starz, topaz, zümrüd, ametist, kvars, lazurit və sair.