Qalın parçalardan applikasiyaları işləmək üçün naxışın hissələri karton üzərinə köçürülür, karton kəsilərək ülgü hazırlanır. Sonra ülgülər parça tikələri üzərinə qoyularaq hissələrin konturları çəkilir və hissələr biçilir. Drap, mahud, fetr, zamşa və s. parçalardan biçilmiş hissələr əsas məmulata tikilməyə də bilər və onların ortasına düymə, muncuq tikməklə də bəndləmək olar.
Parça tikələrindən kvadrat, düzbucaqlı, dairə, yarımdairə formasında hissələr kəsib kənarlarını ilgək tikişi ilə hörür və onlardan ayaqaltı, taxt üçün kiçik balış üzü, çarpayı örtüyü, çanta və başqa məmulatlar hazırlayırlar. Bu üsulla müxtəlif bəzək işlərini yerinə yetirmək, qısa paltarı, yubkanı uzatmaq olar. Məmulatların hazırlanması üçün istifadəyə yararlı olmayan köhnə palto, yaxud kostyum parçalarından istifadə etmək olar.
► Geyimin muncuqlarla bəzədilməsi
Tikmə ilə sadə geyimi çox gözəl, qeyri-adi bir geyimə çevirmək olar. Bütün tikmə işləri cəlbedici və maraqlı görünür və geyimi fərdiləşdirir. Muncuqlarla olan tikmə ən effektli və qeyri-adi görünüşü ilə xüsusilə seçilir. Muncuqlarla bəzək və tikmə işlərinə ən dəbli dizaynerlərin kolleksiyasında rast gəlmək olar. Muncuqlu tikmələri bütün növ geyim çeşidlərində istifadə etmək olar, məsələn: ziyafət geyimlərində, cins geyimlərdə, jaketdə, köynəkdə, ətəkdə və sair.