Surətçıxarma kağızı vasitəsilə naxışın köçürülməsi zamanı yadda saxlamaq lazımdır ki, naxışın xətti qaralmasın, əks halda parça və sap tikmə işlənən müddətdə çirklənə bilər. Buna görə də əvvəl işlənmiş - köhnə surətçıxarma kağızından istifadə etmək yaxşıdır, ya da təzə surətçıxarma kağızını əvvəlcədən quru pambıq və ya dəsmalla silmək lazımdır.
Naxışın işıqla köçürülməsi. Nazik şəffaf parçalara naxışı altdan işıq salmaqla köçürmək olar. Naxış aydın çəkilmiş kalka kağızı altında lampa yerləşdirilmiş (lampa şüşədən təxminən 20-25 sm aralı qoyulur) şüşə üzərinə qoyulur, şüşənin üstünə isə yaxşı gərilib düzəldilmiş parça qoyulur. Altından işıqlandırıldıqda kalkada olan naxış parçadan görünür. Ucu iti çərtilmiş karandaşla şəklin üstündən (parçanın üstündən) gedilir.
Naxışın papiros kağızı ilə köçürülməsi. Mahud, məxmər və parıltılı parçalara naxış papiros kağızından kökləməklə köçürülür. Bunun üçün naxış papiros kağızına köçürülür, onu parçaya kökləyirlər və naxışın bütün konturu boyunca iynə irəliyə tikişilə xırda tikişlərlə tikirlər. Sonra kağızı cırırlar. Tikmə tikiləndən sonra kök saplarını çıxarırlar.
Naxışın trafaretlə (naxış ülgüsü) köçürülməsi. Şəkil kağız vərəqi üzərinə çəkilir, onun üzərinə kalka qoyulur və bu iki vərəqi sancaqlayırlar və onu yumşaq, bir az da qalın parçanın üzərinə, yaxud bir neçə qat qəzet kağızının üzərinə qoyurlar. Naxışın bütün konturu boyunca 2-3 mm-dən bir, iynə və ya sancaqla deşiklər açırlar. Nəticədə, kalkada nöqtələrdən ibarət sancaqla vurulmuş naxış alınır.
Həndəsi naxışların iynə və ya sancaqla köçürülməsi zamanı deşikləri naxışın xəttinin damaların üfüqi və şaquli xətlərinin kəsişmə nöqtələri ilə üst-üstə düşdüyü yerlərdə açırlar.
Naxış çəkilmiş kalkanı ağ neftlə isladılmış əski ilə yüngülcə silirlər, onu təmiz tərəfi ilə parçanın üzərinə qoyurlar və bir neçə yerdən sancaqlayırlar. Bir tikə mahud, flanel (yaxşı olar ki, açıq rəngli olsun) yaxud da pambıq götürüb onu tənzifə büküb tampon düzəldirlər. Əgər şəkli açıq rəngli parçaya köçürürlərsə, onda əvvəlcə kerosində isladılmış tamponla surət köçürmə kağızının rəngli tərəfini, sonra isə sancaqla açılmış deşikləri silirlər. Surət çıxarma kağızının əvəzinə lil (sinka) tozundan (onu kerosinlə qarışdıraraq) istifadə etmək olar. Boyayıcı maddə kalkadakı deşiklərdən keçərək parça üzərində nöqtələrdən iz yaradır, hansı ki onun üzəri ilə naxış tikiləcək.
Tünd rəngli parçaların üzərinə naxışı köçürərkən tampon tabaşir və ya diş tozu qatılmış kerosinlə isladılır. Bu məqsəd üçün heç nə qatılmadan diş məcunundan da istifadə etmək olar.
Trafaretlə köçürmə zamanı naxışın parçaya köçürülməsi daha dəqiq olur, iş asanlaşır və qısa müddətdə yerinə yetirilir, xüsusən də naxışın eyni fraqmenti bir neçə dəfə təkrar olunanda. Bu əməyi xeyli yüngülləşdirir. Sancaqla naxış köçürülmüş kalkadan dəfələrlə istifadə etmək olur. Bu vərəqləri ayrıca zərfdə, yaxud qovluqda saxlamaq yaxşıdır.