Çox vaxt süfrənin və ya salfetin qatlanmış kənarı üzrə zolaq şəklində naxış salırlar. Bu zolaqlar üzrə məmulat kvadratlara və ya düzbucaqlılara bölünür və əsas naxış onların içərsində yerləşdirilir və tikilir. Naxışı parçanın üzərinə köçürməzdən öncə bu zolaqların - kvadratların və ya düzbucaqlıların yerləşməsini qeyd edir və parçadan bir sap çıxarırlar. Nəticədə, məmulatın səthi kvadratlara və ya düzbucaqlılara bölünəcək. Bundan sonra parçadan sapların çəkilməsi ilə alınmış xətlər arasında əsas naxış yerləşdirilir. Əsas naxış işləndikdən sonra dartılıb çıxarılmış sapların izi ilə hər hansı tikiş gedilir. Naxışlar həndəsi formalı və parçanın sapları aydın toxunuşludursa, onda tikməni parçanın saplarını saymaqla tikmək olar.
Tikmə zamanı parçanın quruluşundan asılı olmayan tikişlərdə naxışın parçaya köçürülməsi tələb olunur.
Geyimlərin hissələrinin tikmə ilə bəzənməsində ən rahatı hissələr biçilənə qədər və ya biçilmiş hissələr üzərində tikməni işləməkdir. Birinci halda parça üzərində məmulatın hissəsinin ülgü üzrə konturu qeyd olunur, sonra naxış köçürülür və onu tikirlər. Ancaq bundan sonra hissə biçilir. Bir çox məmulatların bəzənməsi prosesində də tikmələrin bu cür işlənməsi rahatdır.
Mürəkkəb olmayan naxışları hazır məmulat üzərinə tikmək olar. Bu halda parçanın altına karton vərəq və ya taxta lövhə qoymaqla naxışı köçürürlər ki, məmulat korlanmasın.
► Naxışın parçaya köçürülməsi
Naxışlar parçaya müxtəlif üsullarla köçürülə bilər. Bütün hallarda naxış orijinaldan ucu iti çərtilmiş karandaşla əvvəlcə kalka kağızına, yaxud millimetrli kağıza köçürülür. Bundan sonra naxış parçaya köçürülür.
Şəklin surətçıxarma kağızının köməyi ilə köçürülməsi. Əvvəlcədən ütülənmiş parça hamar səth üzərinə (stol, lövhə) sərilir və bu zaman izləmək lazımdır ki, parçanın əriş və arğac sapları çəpləşməsin. Kalka naxışla (kontur, doldurma və s. tikişləri üçün müəyyən olunmuş naxış) parça üzərinə qoyulur və sancaqlarla bərkidilir. Kalkanın altına surətçıxarma kağızını elə qoyurlar ki, onun qara (izi düşən tərəfi) üzü parçaya tərəf olsun. Sonra ucu iti çərtilmiş karandaşla naxışın üstündən gedərək onu parçaya köçürürlər. Yaxşı olar ki, köçürmə üçün müxtəlif rəngli surətçıxarma kağızı dəsti olsun. Onda açıq rəngli parçalar üçün tünd rəngli surətçıxarma kağızı (qara, göy, yaşıl) və tünd parçalar üçün açıq (ağ-sarı) surətçıxarma kağızı götürürlər.
Naxış parçaya köçürüləndən sonra surətçıxarma kağızı çıxarılır, kalkanın bir tərəfi sancaqlanır və o biri tərəfi qaldırılaraq şəkil yoxlanır və bundan sonra kalka götürülür.
Həndəsi xarakterli naxışları da (sayla yerinə yetirilən tikmələrdə) surətçıxarma kağızının köməyi ilə köçürmək olar. Bunun üçün yoğun iynə ilə (məktəbli pərgarının ucundakı iynədən də istifadə etmək olar) naxış boyunca millimetrli kağız və surətçıxarma kağızından damaların