3.4. Geyimdə müxtəlif növ bəzək elementlərindən istifadə edir.
► Bədii tikmə üsulu
Parçaların və sapların seçilməsi gələcək məmulatların təyinatından, naxışın xarakterindən və işlənmə üsulundan asılı olaraq aparılır. Məsələn, dəsmalın tikmə ilə işlənməsi zamanı sıx toxunuşlu kətan, lafsan liflərindən toxunmuş parçalar və bir neçə qat müxtəlif rəngli saplar, köynək hazırlanması üçün isə daha nazik parçalar (markizet, çit və s.) və 1- 2 qat rəngli muline saplar götürülür.
Sayla yerinə yetirilən tikişlərlə işlənən, tikmələr üçün kətan toxunuşlu parçalar: kətan, yarımkətan (cod, ağ və rəngli), markizet, roqojka (ağ qalın kətan parça), kətan toxunuşlu yun və ştapel parçalar və s. götürülür.
Kətan toxunuşlu parçalarda əriş (parçanın uzununa sapları) və arğac (parçanın eninə gedən saplar) sapları bir sapdan bir toxunur, bu qayda ilə arğac sapı növbə ilə bir dəfə əriş (əsas) sapının üstündən, o biri dəfə isə altından keçir. Kətan toxunması ən sadə toxunma növüdür. Bu cür toxunmada saplar davamlıdır, az dartılır və yuyulduqda az sıxlaşır. Onların üz və astar tərəfləri eynidir.
Sayla işlənən tikmələr üçün əriş və arğac saplarının qalınlığı eyni olan parçalar lazımdır. Əriş və arğac saplarının qalınlığı eyni olmayanda iş çətinləşir, belə ki, sapların dartılıb çıxarılması zamanı onların sayını müxtəlif miqdarda götürmək lazım gəlir. Belə tikmələr üçün yarım kətan parçalar yaramır, belə ki, bu parçalarda əriş sapları pambıqdan və arğac sapları isə kətandan hazırlanır. Başqa sözlə, qalınlıqları eyni olmur.
Konturla çəkilmiş naxışla işlənən tikmələr üçün kətan parçalarla yanaşı, ipək, yun, mahud, zolaqlı və damalı parçalar, eləcə də iri strukturlu parçalar yarayır. Tikmənin işlənməsi üçün merserizə olunmuş (yumşaldılmış) kətan və kağız saplar, müxtəlif rəngli muline saplar işlədilir. İndi müxtəlif ölkələrin istehsal etdiyi müxtəlif muline saplar var. Onlardan Sankt-Peterburqda istehsal edilən muline saplar möhkəm, parıltılı və rəngi davamlıdır. Tikmə üçün müxtəlif yun, ştapel, sintetik saplar (kaşmilon, lavsan, kapron), iris, kağız, yun, harüs saplar da yarayır (Şəkil 3.6).
Hazırlıq işləri üçün parça tikəsinin əsas məmulat üzərinə köklənməsi, məmulatın kənarının tikilməsi, merejkanın sütuncuqlarının işlənməsi və s. üçün kağız və rəngli pambıq saplardan (makarada-sap çarxında olan 40, 50, 60-№-li) istifadə olunur. Bəzi tikmələrdə 80 №-li pambıq saplardan istifadə olunur. Saplar möhkəm, suya, günəş şüalarına davamlı və hər yeri bərabər rənglənmiş olmalıdır. Sapın möhkəmliyini onu əl ilə dartmaqla yoxlayırlar. Yaxşı sap yaxşı dartılır və tez qırılmır. Sapların rənginin davamlılığını yoxlamaq üçün onların nümunələrindən günəş altına qoymaq lazımdır: sapların rəngi solmamalıdır.
Muline kələf sapını açırlar və düyün varsa, kəsirlər (düyün olan yerdən). Sapın rahat seçilməsi üçün sap nümunələri dolanmış karton hazırlayırlar. Bunun üçün 15-20 sm