► Közəmənin növləri
Közəmə ən geniş yayılmış təmir növlərindən biridir. Material nisbətən az zədələndikdə bundan istifadə edilir. Maşınla közəmə daha məhsuldar və keyfiyyətlidir. Bu üsul zədələnmiş sahə 5 sm2 olduqda həmin sahəni kəsmədən yerinə yetirirlər. Bunun üçün parçanın tərs tərəfindən zədələnmiş sahənin arxasına ya əsas materialdan ya da əsas parçanın rənginə və quruluşuna uyğun seçilmiş material kəsib yerləşdirirlər. Üz tərəfdən ziqzaq tikişlə tikirlər. Ən geniş yayılmış təmir növlərindən biri də yaxalığın təmiridir: Köhnəlmiş üst yaxalığı dəyişdirmək. Yaxalığın fasonunu dəyişdirmək. Üst yaxalığı dəyişdirərkən ya əsas parçadan ya da bəzək materialından istifadə edilir. Yaxalığın fasonunu dəyişdikdə isə üst yaxalığı sökür, alt və üst yaxalığı yeni formaya uyğun biçir və yenidən yerinə birləşdirirlər.
Ən geniş yayılmış təmir növlərindən biri də geyimin modaya uyğun olaraq uzunluğunu dəyişməkdir. Geyimi uzatmaq üçün tikiş payından, əgər qat xətti köhnəlmişsə, onda köbədən istifadə edilir. Bundan əlavə, əsas materialın rənginə uyğun əlavə bəzək materialından da calaq kimi istifadə etməklə geyimi uzatmaq mümkündür. Məmulatı yeniləmək üçün ciblərin fasonlarını dəyişdirirlər. Məsələn: kəsik çərçivəli cibi listikli cib ilə əvəz edirlər. Üstdən qoyma ciblər çox köhnəldikdə onu sökür, yerinə cibə oxşar relyef tikişi tətbiq edirlər. Bortun laskanının köhnəlmiş, yeyilmiş kənarının təmiri üçün köbədən istifadə olunur. Bu halda düymə yerləri əllə hörmələnir. Bort lap köhnəldikdə isə tipik üsulla bəzək materialından istifadə edilir. Köbəli ilgəkləri təmir edərkən köbələri yenidən biçib tikirlər. Bəzi hallarda isə ancaq ətək, kürək və qolun aşağısının astarı dəyişdirilir. Kəmərlə hazırlanan müxtəlif çeşidli məmulatların təmirində ən geniş yeri şalvar tutur. Şalvarın ən geniş yayılmış təmirlərindən onun eni və uzununun, astarının dəyişdirilməsidir. İkiqat manjetli şalvarın manjeti köhnələrkən onu birqat manjetlə və ya manjetsiz hazırlayırlar. Şalvarı yeniləyərkən bəzək materialından istifadə edilmir. İstifadə etdikdə belə gərək həmin materialdan gödəkcə və jilet hazırlayasan. Ciblərin astarı köhnəldikdə çox zaman yenisi ilə əvəz olunur. Çox vaxt şalvarın oturacaq hissəsinin yeyilməsinin qarşısını almaq üçün o hissəyə də astar tikirlər. Geyimləri təmir edərkən daha məhsuldar üsullardan istifadə edilməlidir. Məsələn, əməliyyatların əksəriyyətində yapışqanla bərkitmə üsulundan və yapışqanlı araqatı materialından istifadəyə üstünlük verilməlidir.
► Geyimin təzələnməsi zamanı yenidən biçilməsi
Geyimlərin təzələnməsi mənəvi cəhətdən köhnəlmiş cürbəcür geyimlərin müasir modaya uyğun olaraq düzəldilməsidir. Geyimləri yeniləyərkən onların bütün hissələrini ya yenidən biçir, ya da bəzi hissələrini biçərək dəyişdirirlər. Bəzən də çeşidi yeniləyirlər. Məsələn: paltodan jaket, pencək, gödəkcə, jilet; paltardan - sarafan, köynək, jaket və s. hazırlayırlar. Geyimləri yeniləyərkən onu yenidən biçməklə, ya parçanı o biri üzə çevirir, ya da çevirmədən