►
İsti-nəmləşdirmə işlərinin yerinə yetirilməsində texniki şərtlər
İsti-nəmləşdirmə ilə işlənilmə əməliyyatının yerinə yetirilməsində aşağıdakı texniki şərtlərə
əməl edilməlidir:
- Əgər məmulat ilk dəfə rast gəlinən parçadan hazırlanmışdırsa, onun rənginin dəyişməsinə,
möhkəmliyinin itirilməsinə yol verməmək üçün həmin parçanın tikəsini götürüb ütünün təsirini
yoxlamaq lazımdır.
- İsti-nəmləşdirmə əməliyyatını yerinə yetirdikdə ütüaltı material kimi parusin, bez, yaxud
pambıq parçadan istifadə edirlər. Tərkibində sintetik liflər olan parçalardan hazırlanan
məmulatlar üçün ütüaltı material kimi tənzifdən və yumşaq pambıq parçadan istifadə edilməsi
məsləhətdir.
- Hissələri, yaxud hazır məmulatı ütüləməzdən əvvəl çiləyici vasitəsilə nəmləndirirlər.
Üstündə su ləkəsi qalan parçadan olan hissələri islatmaq olmaz.
- Parçanın nəmliyi tamamilə yox olana qədər isti-nəmləşdirmə əməliyyatını davam etdirmək
lazımdır.
- Tikiş xəttinin təhrif olunmaması üçün kəsiklər kip yatana qədər tikişi ütü ilə açırlar.
- Dəqiq və düz tikiş xətti alınması üçün tikişi əvvəlcə ütü ilə açır, sonra ütü ilə
yatırdırlar.
- Tikilib çevrilmiş kənarların ütülənib nazildilməsi üçün əvvəlcə nəmləndirib nəmi tamamilə
yox etməklə, işlənilən hissənin kənarlarını düzəltmək və eyni zamanda qeyri-hamarlığı aradan
qaldırmaq lazımdır.
- İsti-nəmləşdirmə ilə işlənilmə əməliyyatı tərs üzdən ütüaltı materialsız, üz tərəfdən isə
ütüaltı material salmaqla aparırlar. Bu zaman yaxalığı alt yaxalıq tərəfdən, bortu bortaltı
tərəfdən, manjeti manjetaltı tərəfdən, kəməri alt tərəfdən ütüləyirlər.
- Tikişlərin, hissələrin kənarlarının və bükümlərin tikişinin ütü ilə açılması, nazildilməsi
və yatırdılması işləri stolun üzərində, yaxud səthinə mahud çəkilib, üstünə ağ pambıq parça
örtülmüş xüsusi qəliblərin üstündə aparılır.
- Mavi, açıq boz və ağ rəngli parçaları ütülənmə əməliyyatı ilə işlədikdə xüsusi diqqətli
olmaq lazımdır; çünki bu rənglər üçün istifadə edilən boya maddələri yüksək temperatur
təsirinə daha çox həssas olur.
- Tikiş məmulatının isti-nəmləşdirmə ilə işlənilməsinin son əməliyyatını buxar-hava
manekenində, bu olmadıqda parçanı əvvəlcə nəmləndirməklə ütüləmə, yaxud presdən istifadə
edərək yerinə yetirmək lazımdır. Tamamlama əməliyyatı zamanı məmulatın kənarlarını,
tikişləri əl ilə düzəldib tələb edilən formanı alır, qeyri-hamarlıqları, əzikləri, ləkələri və
s. aradan qaldırırlar.
- İsti-nəmləşdirmə ilə işlənilmənin tamamlama əməliyyatından sonra hazır məmulat verilmiş
forma tam alınana qədər asqıda qurudulmalıdır.