► İş yerinin təşkili
Məişət xidməti müəssisələrində isti-nəmləşdirmə işlərinin yerinə yetirilməsi üçün xüsusi avadanlıqla təchiz edilmiş ütüləmə yerindən istifadə olunur (Şəkil 3.1). Ütüləmə yerinin səthi mahud və ya parusin materialla üzlənir. Fənər, istilik-tənzimləyici rele və elektrik ütüsü üçün açarla təchiz olunur. Ütü üçün yüksək hərarətədavamlı altlıq yerləşdirilir. Ütüləmə yeri elə ölçüdə olmalıdır ki, işlənilən məmulat onun üstündə tam və hissələrlə yerləşə bilsin. İşçinin üzərində dayandığı döşəmə elektrik cərəyanını keçirməyən materialla örtülməlidir. İsti-nəmləşdirmə əməliyyatını, adətən, ayaq üstə yerinə yetirirlər. Emal olunan hissədən gözə qədər məsafə 35-45 sm olmalıdır. İşçi yerinin hündürlüyü 80 sm-dən hündür olmur, lakın işçinin hündürlüyündən asılı olaraq quraşdırılır.
İsti-nəmləşdirmə əməliyyatları aparıldıqda texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmək lazımdır.
Elektrik ütüləri ilə işləyərkən elektrik cərəyanını keçirən hissələrə, rozetkaya, çəngələ əl vurmaq olmaz. Ütünü işə qoşarkən taxta dayaqdan yapışmaq lazımdır. Ütülər xarab olduqda, onların məftillərinin izolyasiyası pozulduqda mütləq elektrik montyorunu çağırmaq lazımdır. Tənəffüs vaxtı və iş qurtardıqdan sonra ütüləri elektrik xəttindən ayırmaq lazımdır. Hissələr ütülənən zaman elektrik keçirməyən ayaqaltılardan istifadə edilməlidir. Preslə işləyən zaman əvvəlcə elektrik keçirən kontaktlar elektrik montyoru tərəfindən yoxlanılmalıdır. İş vaxtı işçinin hər iki əli presin düyməsində olmalıdır. Preslə işləyən zaman çalışmaq lazımdır ki, hissələri nəmləşdirdikdə su elektrik kontaktlarına və istilik tənzimləyicisinə düşməsin.