Birinci yoxlamanın keçirilməsi. Bunun üçün məmulatı sifarişçinin əyninə geydirirlər. Bel xəttini müəyyən etmək üçün sifarişçinin belini kəmər və ya qaytan vasitəsi ilə bağlayırlar. Sonra ətəyin və kürəyin ortasını, qarsaqların yerini dəqiqləşdirirlər. Bütün dəqiqləşdirmələr məmulatın sağ tərfində aparılmalıdır. Əgər sifarişçinin fiqurası və məmulatın fasonu simmetrik deyilsə, onda hər iki tərəfi ayrıca dəqiqləşdirirlər.
Yoxlamanın aparılması aşağıdakı ardıcıllıqla yerinə yetirilir: əvvəlcə qarsaqların dərinliyi və istiqaməti müəyyən edilir. Çiyin tikişini, yaxa yerini, kürəyin enini, yan tikişin istiqamətini, qol dibi əyrisini, bel xəttini, məmulatın uzunluğunu dəqiqləşdirdikdən sonra qolu qol dibinə sancaqlar vasitəsi ilə birləşdirib düzgünlüyünü yoxlayırlar. Birinci yoxlama sona yetir, sonra məmulatı ikinci yoxlamaya hazırlayırlar.
İkinci yoxlamanın hazırlanması. Birinci yoxlanmadan sonra məmulatı ehtiyatla sifarişçinin əynindən çıxarır və sağ tərəfdə aparılan bütün dəqiqləşdirmələr sol tərəfə köçürülür (tabaşirin və köçürmə tikişinin köməyi ilə). İşarə olunmuş xətlər üzrə yaxa yerini kəsir, məmulatın aşağı yerini bərabərləşdirir və sonra tikişə başlayırlar. Əvvəlcə qarsaqları, relyef tikişlərini, qatlamaları, kəsikləri maşınla tikir, koketkanı əsas hissə ilə birləşdirir, qatlamaların üstündən bəzək tikişi gedir, cibi, yaxalığı, qolları, kəməri hazırlayırlar. Çiyin və yan kəsikləri birləşdirir və yaxalığı yaxa yerinə, qolu isə qol dibinə kökləyirlər. Üstdən qoyma cibləri yerinə kökləyir və məmulatın aşağısını düz kökləmə tikiş ilə qatlayırlar.
İkinci yoxlamanın keçirilməsi. Əgər birinci yoxlanılma zamanı düzəlişlər az aparılıbsa, onda ikinci yoxlamanı, əsasən, aşağıdakı qaydada keçirirlər. Qolun düz köklənib-köklənmədiyini, yaxalığın yerləşməsini, bəzək hissələrinin yerini və məmulatın uzunluğunu yoxlayırlar. Əgər məmulat bağlama ilə hazırlanarsa, onda birinci üst ilgəyin yerini işarə edirlər. İkinci yoxlamadan sonra bütün hissələr axırıncı dəfə dəqiqləşdirilir. Qol, yaxalıq əsas hissəyə tikilir. Kökləmə saplarını təmizləyir, bütün tikişləri ütüləyirlər. Hazır məmulatda əvvəlcə qolu, ətəyi, sonra isə ətəkliyi ütüləmək lazımdır. Sonra geyimin düymələri tikilib, keyfiyyəti tam yoxlandıqdan sonra parçanın qalığı ilə birlikdə sifarişçiyə qaytarılmaq üçün hazır məmulat anbarına təhvil verilir. İsti-nəmləşdirmə əməliyyatlarından sonra isə məmulatı quruyana qədər asılı halda saxlamaq lazımdır.