Hörmətli oxucu!
Geyim insan məişətinin ayrılmaz hissəsidir. Onun əsas vəzifəsi insan bədənini xarici mühitin təsirlərindən (istidən, soyuqdan, küləkdən, yağışdan və s.) mühafizə etmək və insanın xarici görünüşünü gözəlləşdirməkdir.
Geyimlər insanın daxili aləminin xarici təzahürüdür. İnsanların geyimlərinə baxaraq onların xarakteri, daxili aləmi haqqında ilkin qənaətə gəlmək mümkündür. Amma bəzən daxili aləmlə geyim üst-üstə düşməyə də bilər. Geyim bütün dövrlərdə insanın milli, dini, sənət, mülki mənsubiyyətini müəyyənləşdirmişdir. Müasir geyimin inkişafı və bu inkişafla əlaqəli olan moda keçmiş, indiki, gələcək dövr arasında əlaqələndirici bənd olmaqla, insan cəmiyyətinin maddi və mənəvi həyatının vacib hissəsini təşkil edir. XX əsrin sonlarının, bəlkə də ən məşhur moda dizayneri olan, İtaliya modelləşdirmə məktəbinin görkəmli nümayəndəsi Covanni Versaçe bu barədə demişdir: "Moda bizim cəmiyyətdə baş verən dəyişiklikləri birinci olaraq əks etdirir, o, keçmişə nəzər yetirir və daim yenilik axtarışındadır".
Əhalinin zövqə uyğun, müxtəlif çeşidli və yüksək keyfiyyətli geyimlərə olan tələbatı günü-gündən artmaqdadır. Müasir dövrdə modanın inkişafı və onun sürətlə dəyişməsi, bəzən də yenidən (qismən və ya tam) təkrarlanması (əsasən də qadın geyimlərində) konstruksiyanın təkmilləşdirilməsi sahəsində mütəxəssisləri yeni modellərin layihələşdirilməsi işində çeviklik nümayiş etməyə sövq edir.