Qaytanlı ilgəklər. Bu ilgəyi düzəltmək üçün əsas parçadan, yaxud bəzək məqsədilə işlədilən parçadan əriş saplarına nisbətən dəqiq 45° bucaq altında 2-3 sm enində (parçanın qalınlığından asılı olaraq) zolaq biçirlər (Şəkil 2.9. a). Biçilmiş parça zolağını uzununa istiqamətdə avand üzü içəri olmaqla ikiqat qatlayıb əvvəlcə qatlanma yerindən 0,5 sm məsafədə, sonra isə qaytanın qalınlığından asılı olaraq, 0,2-0,3 sm tikişlə işləyirlər. 0,3-0,5 sm enində tikiş payı saxlamaqla artığı kəsirlər (Şəkil 2.9. b). Qaytanı iynə vasitəsilə avand üzə çevirirlər. Qaytanın möhkəm alınması üçün onu dartıb düzəldir və ütüləyib yatırdırlar. Qaytanı bərabər hissələrə kəsirlər; onların uzunluqları düymənin diametri üstəgəl 1,3 sm ölçüdə olmalıdır.
İlgəyi hissənin üz tərəfinə, düymələnən yerin kəsiyinin sağ tərəfinə doğru qoyur, qaytanın uclarını kəsiyin kənarları ilə bərabərləşdirir və irəli-geri maşın tikişi, yaxud əl ilə hər ucunu 3-4 tikişlə bəndləyirlər: bu işi kənardan 0,4-0,6 sm məsafədə elə icra edirlər ki, ucların bəndləmə tikişi, yaxud tikiş sonrakı işlənilmə əməliyyatında tikişin altına düşsün və tikişi kəsən zaman kəsilməsin (Şəkil 2.9. c). Hər qaytan ilgəyin ucları arasındakı məsafə düymənin diametrinə bərabər olmalıdır. Sonra düymələnmə yeri kənarının kəsiyini köbə ilə işləyirlər (Şəkil 2.9. ç).