Köbənin düzgün tikildiyini əsas hissənin tərs üzündən yoxlayırlar. Tikiş ilgəyin ölçüsünü təyin edən eninə xətlərə paralel olmalı və onlarla eyni səviyyədə qurtarmalıdır. Yoxladıqdan sonra köbənin kəsiklərini əsas hissənin kantına tərəf qatlayırlar və köbəni tərs üzdən tən ortasından hər iki tərəfə doğru tikişlərin arasından kəsirlər. İlgəyin uclarına 0,5-0,7 sm qalmış uclara doğru maili kəsərək 0,1-0,15 sm məsafədə kəsməni dayandırırlar. Köbəni avand üzdən düz xətt boyunca axıra qədər kəsirlər. Alınmış açıqlıqdan köbəni əsas hissənin tərs üzünə çevirib, kant əldə edirlər. İlgəyin uclarında əsas hissəni avand üzə çevirir, köbənin uclarını dartıb düzəldir, künclərini qaydaya salır və ilgəyin uclarını ikiqat maşın tikişi ilə künclərdə bəndləyirlər (Şəkil 2.8. e). Hazır ilgəyi ütüləyib nazildirlər (Şəkil 2.8. ə). Hazır məmulatda bortaltını ilgəyin səviyyəsində kəsir, kəsik kənarlarını qatlayır və əl ilə basdırma tikiş ilə işləyirlər (Şəkil 2.8. f).