Köbəli ilgəklər. Məmulat hissəsinin üstündə köbəli ilgəyin yerini hissənin üst tərəfində üç xətlə nişanlayırlar: bir uzununa xətlə ilgəyin istiqamətini və iki eninə xətlə ilgəyin ölçüsünü göstərirlər. İlgəyin ölçüsü düymənin diametrindən asılıdır, yəni düymənin diametri üstəgəl 0,2 sm (əgər düymə yastıdırsa), yaxud 0,5 sm (əgər düymə kürə şəklindədirsə) ölçüdə olmalıdır. Sonra nişanlanmış orta xətdən yuxarıda və aşağıda, kantın iki eninə bərabər olan məsafədə iki köməkçi xətt çəkirlər. Kütləvi istehsalatda ilgəyin yerini hissənin avand üzündə köməkçi ülgü vasitəsilə dörd xətlə qeyd edirlər: iki uzununa xətlə və ilgəyin başlanğıcı və qurtaracağında iki eninə xətlə (Şəkil 2.8. a). İki uzununa xətt arasındakı məsafə iki kantın eninin ikiqat ölçüsünə bərabər olmalıdır. İlgəklər bir, yaxud iki köbə ilə, biriynəli və ikiiynəli maşında, eləcə də köbəli ilgəklərin işlənilməsi üçün olan xüsusi yarımavtomatda işlənilə bilər. İlgəklər üçün köbəni elə biçirlər ki, əriş sapları onun uzunluğu boyu keçsin. Köbənin uzunluğu ilgəyin uzunluğundan 2-3 sm artıq olmalıdır (hər tərəfdə). Məsələn, kantın eni 0,2-0,5 sm olduqda köbənin eni təxminən 2,1-2,3 sm-ə bərabər olmalıdır. İlgəyi biriynəli, yaxud ikiiynəli maşında bir köbə ilə işlədikdə onun uzununa tərəflərini ütü ilə elə yatırdırlar ki, köbənin kənarları yatırdılmış halda eni əsas hissənin üzərində nişanlanmış iki uzununa xətt arasındakı məsafəyə bərabər olsun; başqa sözlə desək, iki kantın eninin ölçüsündən iki dəfə artıq olsun (Şəkil 2.8. b). Bu zaman köbənin kəsikləri onun qatlanan yerinə kantın eni, üstəgəl 0,1-0,2 sm-ə bərabər olan ölçüdə çatmalıdır. Kənarları ütü ilə yatırdılmış köbəni əsas hissənin avand üzünə qoyur, köbənin qatlanma yerini nişanlanmış uzununa xəttin üstündə yerləşdirirlər. Bu zaman köbənin ucları ilgəyin nişanlanma xəttindən hər iki tərəfində 1,0-1,5 sm kənara çıxmalıdır. Fərdi sifarişlə məmulat hazırladıqda köbəni bir tikişlə ortadan kökləyirlər. Köbəni biriynəli, yaxud ikiiynəli maşında tikərək tikişin uclarını bərkidirlər (Şəkil 2.8. c). Tikişdən köbənin qatlanan yerinə qədər məsafə kantın eninə bərabər olmalıdır. Köbəli ilgəyi fərdi istehsalatda işlədikdə köbənin avand üzünü əsas hissənin avand üzünə qoyurlar. Köbənin kəsiklərini köməkçi xətlərin səviyyəsində qatlayır və qatlanma yerindən kantın eninə bərabər məsafədə tikirlər (Şəkil 2.8. ç). İgəyi iki köbə ilə