Hazır koketkanı əsas hissəyə üstdən getmə tikişin köməyi ilə birləşdirir və koketkanı ütüləyirlər.
Koketkanın əsas hissəyə yapışqan zolağın köməyi ilə birləşdirilməsi. Bunun üçün koketkanın qatlanıb ütülənmiş tərs tərəfinə yapışqan zolağı elə qoyurlar ki, o üstdən getmə tikişdən 0,2-0,3 sm yuxarı olsun. Sonra koketkanı əsas hissənin üzərinə işarə olunmuş xətt üzrə qoyub presləyirlər və üstdən getmə tikişlə tikirlər.
Koketkanın krujeva ilə bəzədilməsi. Bunun üçün krujevanı koketkanın üst tərəfinə kəsilmiş kənardan 1 sm aralı qoyurlar. Sonra krujevanı 0,1-0,2 sm enində tikişlə koketkaya birləşdirirlər. Koketkanı əsas hissə ilə üz-üzə qoyub kökləyir və koketka tərəfdən krujevanm birləşdirildiyi xəttin üstündən maşın tikişi ilə tikirlər.
► Bağlamaların hazırlanması
Bağlama yeri zəncirbənd ilə hazırlanarsa, bu, bağlamaların müxtəlif üsulları var. Bunlardan ikisini nəzərdən keçirəcəyik (Şəkil 2.6).
Zəncirbənd (molniya) bağlamasının açıq tesma ilə hazırlanması. Bu bağlamanı hazırlamaq üçün bağlama üçün verilən tikiş payını parçanın tərs tərəfindən işarə olunmuş xətt üzrə qatlayıb ütüləyirlər. Qatlanmış hissələri yan-yana qoyub çəp kökləmə tikişi vasitəsilə kökləyirlər. Sonra parçanın tərs tərəfindən molniya tesmasını elə qoyurlar ki, tesmanın dişlərinin ortası qatlamaların bir-birinə kökləndiyi yerə düşsün. Tesmanı düz kökləmə tikişi vasitəsilə kökləyib sonra maşın tikişi ilə parçanın üst tərəfindən tikirlər. Bu tikişin eni molniya tesmasının tikişinin enindən və formasından asılı olaraq götürülür. Zəncirbənd tesmasının aşağıda artıq hissələri gizli tikiş vasitəsilə əsas hissəyə tikilir. Bağlama hazır olduqdan sonra nəm əski ilə üst tərəfdən ütülənir. Zəncirbənd ilə bağlamaları hazırlayan zaman parçanı sərbəst saxlamaq lazımdır, yəni parçanı dartmaq olmaz.