Qarşı-qarşıya qatlamalar onların qatlanma yeri üz tərəfdə bir-birinə qarşı, tərs üzdə isə əks tərəflərə yönəldilmişdir. Qarşı-qarşıya bükümləri tərs üzdən üç xətlə nişanlayırlar, orta xətt, yan xətt (xarici qatlanma xətləri) və birləşdirici tikişin qurtaracağını təyin edən xətt. Qatlamanın dərinliyi modeldən asılı olur. Hissələri biçərkən büküm üçün bir büküm dərinliyinin 4 mislinə bərabər ölçüdə pay qoyurlar. Məsələn, əgər bir bükümün dərinliyi 3 sm-dirsə, biçmə zamanı büküm payı 3 sm x 4 = 12 sm götürülməlidir. Qatlama əmələ gətirməsi üçün məmulat hissəsini üz tərəfi içəri olmaqla nişanlanmış orta xətt üzrə qatlayır və yan xətlər üzrə seyrək tikişlə (1 sm-də 2-3 tikiş olmaq şərti ilə) təpçiyirlər. Bu işi üst sapı bir qədər boş vəziyyətə gətirilmiş birləşdirici maşında 882 sinif PO çevirmə kökləmə maşınında, ya da əl ilə təpçimə tikişi ilə (1-2 sm uzunluğunda) yerinə yetirirlər; sonra bərkidici tikişlə işləyirlər. Tikiş qoyulan sahədə kök saplarını söküb çıxarırlar. Təpçik sapı ancaq bükümün açıq saxlanacaq yerində qalmalıdır. Hissəni üst tərəfi aşağı olmaqla stolun üstünə sərib büküm payını bərkidici tikişin hər iki tərəfinə nişanlanmış orta xətt tikişin üstünə düşməklə yerləşdirib açıq kökləmə tikişi ilə işləyir və qatlamanı ütü ilə yatırdıb nazildirlər. Geyilmə prosesində qatlama yerlərinin dəyişilməsinin qarşısını almaq üçün, eləcə də qatlama payının möhkəm olması üçün tərs üzdən qatlamaların bəndlənməsi məsləhət görülür. Bu məqsədlə qatlamaların tikiş xətti yaxınlığından keçən, yaxud üz tərəfdən bütün büküm payının eni boyunca tikiş qoyulmalıdır. Bükümlər avand tərəfindən baxya ilə (birləşdirmə tikişinin sağından və solundan) modeldə nəzərdə tutulan məsafədə işlənilə bilər. Baxya xüsusi xətkeşin köməyi ilə salınır.
Bant şəklində qatlamalar qarşı-qarşıya bükümlərin, yaxud birtərəfli iki qatlamanın tərs üzdən görünüşünü xatırladır. Belə qatlamalar qatlama yerləri üz tərəfdən müxtəlif istiqamətlərə yönəlmiş birtərəfli bükümlərdən alınıb "banta" oxşayır. Bant şəklində bükümlər də qarşı-qarşıya bükümlər kimi bir hissədən nişanlanır və işlənilir; bükümlər ancaq sağ üzdən qeyd edilir, tikilir. Hissəni nişanlanmış xətt üzrə tərs üzü içəri olmaqla qatlayıb kökləyir və tikirlər; hissəni yerə sərib büküm payını hər iki tərəfə elə düzəldirlər ki, tən ortası birləşmə tikişinin üstünə düşsün; sonra üstünə ütüaltı material salıb ütüləyib nazildirlər. Sonra üz tərəfdən xüsusi ülgü ilə bəzək tikişi xəttini modeldə nəzərdə tutulan məsafədə qeyd edirlər; yaxud əvvəlcədən tabaşirləmədən bəzək tikişini işləyirlər. Bu məqsədlə yönəldicisi olan xüsusi dabandan (pəncədən) istifadə edirlər. Kökləmə tikişini sökürlər. Bükümü tərs üzdən üstünə ütüaltı material salıb ütüləyirlər.