|
TƏLİM NƏTİCƏSİ 2Qadın don modellərinin çeşidlərini bilir və onları hazırlamağı bacarır. |
2.1. Qadın paltarlarının müxtəlif çeşidləri haqqında məlumat verir.
► Müxtəlif növ qadın paltarları
Tikiş məmulatlarının çeşidləri içərisində ən böyük yeri geyimlər tutur. Geyimlər müxtəlif olur. Geyimlərin modeli aşağıdakı kimi müəyyən edilir. Qadın paltarları formasına, biçim xüsusiyyətlərinə və ümumi bədii tərtibatına görə klassik, idman, romantik və fantaziya üslublarına bölünür. Klassik üslublu paltarlar bədən quruluşunun təbii mütənasibliyinə uyğun olur. Paltarın tərtib xətləri istər ayrı-ayrı sahələrdə, istərsə də ümumi formada bədən xətləri ilə üst-üstə düşür. Paltarı hissələrə ayıran üfüqi və şaquli xətlər, əsasən, konstruktiv təyinatlıdır. Klassik üslublu paltarların qolları adi bitişdirmə və ya bütöv biçimli ola bilər. Klassik üslublu paltarlar yapışıq, yarımyapışıq və düz biçimli ola bilər. İdman üslublu paltarlar sərbəst forma ilə xarakterizə edilir. Bu da hərəkətdə rahatlığı təmin edir. İdman üslublu geyimlərdə müxtəlif koketkalardan, üstdənqoyma ciblərdən, kəmərlərdən, zəncirbəndlərdən, müxtəlif qatlamalardan, yumşaq qarsaqlardan və s. istifadə edilir. İdman üslublu paltarlar trikotaj, parça və dəri materiallarından hazırlana bilər. İdman üslublu paltarlar sərbəst yarımyapışıq lif və aşağıya doğru enli ətəklikdən, bel xətti hiss olunmayan sərbəst formadan, sərbəst lif və enli ətəklərdən, bel hissədə kəmərdən ibarət ola bilər. Fantaziya üslublu paltarlar dekorativliyi hiss etdirən müxtəlif forma və biçimdə olmasını xarakterizə edir. Formanın bölünməsi müxtəlif ola bilər, hətta asimmetriklik də bura daxildir. Fantaziya üslublu paltarlar müxtəlif dekorativ tərtibatlarla bəzədilə bilər. Bəzək əşyalarından, kantlardan, bəzək tikişlərindən istifadə etmək olar. Romantik üslublu paltarlar formaları ilə xarakterizə edilir. Romantik üslublu paltarlarda müxtəlif üslub qarışığından ansambl yaranır, bu da geyimə liriklik və gözəllik verir. Paltarlar təyinatına görə ev, gündəlik və ziyafət üçün olur (Şəkil 2.1).