Alt planka qabaq hissənin içərisinə üzü aşağı olmaqla qoyulub kəsikləri bərabərləşdirilir, 0,5 sm enində calanır və kəsik tərəfə yatırdılır. Planka kəsiyin üz tərəfinə, onun tikilməyən kəsiyi isə 0,5 sm enində içəri qatlanır və həmin yerdən 0,2 sm aralı (plankanın aşağı ucu ətəyə tikilir) baxyalanır. Köynəyin qabaq hissəsinin sol tərəfi üstünə əlavə material qatının üzü yönəldilərək qoyulub kəsikləri 0,5 sm enində çevrilən tikişlə birləşdirilir. Sonra tikiş düzəldilir, əlavə material qatı köynəyin içərisinə döndərilir və əsas hissədən 0,1-0,2 sm kant alınmaqla ütülənir. Əlavə material qatının içəri qırağı onun kəsiyindən 0,5 sm aralı universal maşında tikilir. Qabaq hissənin sol tərəfində ilgək yerinin hazırlanması üçün qatlanma payı köynəyin içərisinə qatlanıb ütülənir. Qabaq hissənin sol tərəfi sağ tərəfin üstünə qoyulur və düymələmə yeri düzbucaqlı şəklində eninə bəndlənir. Qabaq hissənin sağ və sol tərəfi haşiyə ilə biçildikdə və sapı asan sökülməyən parçalardan istifadə edildikdə ətəyə qədər düymələnən köynəyin düymələnmə yerinə əlavə material qatı qoyulmur. Düymələnmə yerinin qatlanma payları haşiyəsiz biçildikdə onların kəsiyi ilməklənir. Qatlanma payları çərtiklərin köməyi ilə içəri tərəfə ütü ilə qatlanır. Parçası asan sökülən köynəyin düymələnmə yerinə bez və ya pambıq parçadan əlavə material qatı qoyulur.
► Köynəkdə tamamlama əməliyyatı
Hazır köynək əvvəlcə sapdan, tabaşirdən, qələm izlərindən təmizlənir, sonra tikişləri, hissələri, əzilən yerləri düzəldilir. Ütüləndikdə köynəyin parçasında nəmlik tamamilə yox olmalıdır. Köynəklərin son nəmlənib - isidilmə əməliyyatı ütülər vasitəsi ilə aparılır. Son vaxtlar tikiş sənayesində ütülənmə, qatlanma və qablaşdırma işləri mexanikləşdirilmişdir ki, bu da tikiş məmulatının keyfiyyətinin yaxşılaşdırılmasına və əmək məhsuldarlığının artırılmasına imkan verir.