Köynəyin aşağısı onun təyinatından və parçadan asılı olaraq, müxtəlif üsullarla hazırlana bilər. Pambıq parçadan hazırlanan köynəyin aşağısını ensiz qatlama tikişi ilə universal maşında və ya əllə qatlayırlar. Bu zaman sap parçanın rəngində seçilməlidir. Yun və ipək parçadan hazırlanan köynəklərin aşağısını qatlamaq üçün əvvəlcə aşağını 1 sm enində tərs tərəfə qatlayıb düz kökləmə tikişi ilə kökləyirlər. Sonra iki dəfə həmin qat payı boyda yenidən qatlayıb gizli əl ilmələri və ya xüsusi maşınlar vasitəsi ilə qatlayırlar. Sonra köynəyin aşağısını nəm əski ilə tərs tərəfdən ütüləyirlər.
Kənarı tez sökülən parçadan hazırlanan köynəklərin aşağısını emal etmək üçün çox vaxt köbələrdən istifadə edirlər. Köbələrdən qalın materiallardan hazırlanan köynəklərin aşağısının hazırlanmasında da istifadə olunur. Bunun üçün həmin materialın rəngində olan pambıq və ya ipək parçadan köbəni biçirlər. Köbəni parçanın çəpinə istiqamətində kəsmək lazımdır. Sonra köbəni köynəyin aşağısı ilə üz-üzə qoyub kənar kəsiklərini bərabərləşdirir, kökləyir və 0,5 sm enində maşın tikişi ilə tikirlər. Tikişi köbə tərəfdən aparmaq lazımdır. Sonra köbəni köynəyin tərs tərəfinə qatlayıb kökləyir və gizli əl tikişləri ilə əsas hissəyə birləşdirirlər. Bəzən kənarı sökülən parçadan hazırlanan köynəklərin aşağısını qatlamaq üçün ziqzaq tikiş maşınından istifadə edirlər.
► Köynəkdə düymə və ilgək yerinin hazırlanması
Ətəyə qədər düymələnməyən köynəklərin qabaq hissəsində modaya müvafiq uzunluqda düymə və ilgək yeri kəsilir. İlgək və düymə yeri üst və alt planka ilə işlənilir. Güllü və ya dama-dama parçalardan olan köynəklərdə üst planka ilə qabaq hissənin gülləri və naxışları bir-birinə uyğunlaşdırılır (Şəkil 1.34).